Bəzisi yeni fəaliyyətə başladıqlarını deyərək özünə bəraət qazandırmaq istəyir, bəzisi isə yeni menyuların çapa verildiyini, qısa zamanda gələcəyini deyir… Söhbət menyu olmadan fəaliyyət göstərən kafe və restoranlardan gedir. Bəs bəzi kafe və restoranlar menyusuz işləməyə niyə cəhd göstərirlər? Bunun qarşısını necə almaq olar?
Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimli bildirib ki, müştəriyə menyu təqdim etmək, yeməklərin siyahısını, habelə qiymətlərini əvvəlcədən bildirmək hər bir iaşə obyekti üçün konkret tələbdir: “Bəzən restoranlar, hətta kiçik kafelər menyuya elə qiymətlər qoyurlar ki, bu qiymətlər absurddur. Təəssüflər olsun ki, bu məsələyə dövlət nəzarəti yoxdur. Nəzarət olmayanda da bu cür bədii özfəaliyyıətə gətirib çıxarır. Vəziyyət ifrat həddə qədər gəlib çıxır. Hər bir kafedə, restoranda yerindən asılı olmayaraq, mütləq menyu olmalıdır. Sovet vaxtı hər səhər restoran rəhbərliyi tərəfindən təsdiq olunan kalkulyasiya olurdu. İstehlakçı hüquqlarının qorunması baxımından qiymətlərin əvvəlcədən bilinməsi vacibdir. Vətəndaş öncədən bilməlidir ki, yediklərinə nə qədər pul ödəyəcək. Menyu olmayan kiçik kafelərdə vətəndaşlar bunu tələb etmir, ona görə də iaşə obyektləri yavaş-yavaş menyunu “sıradan çıxarır”. Ekspert bu məsələdə ictimai qınağın da böyük rol oynadığını vurğulayıb: “Bəzi kafelərdə ofisiant gəlib başının üstündə dayanaraq az qala, bütün menyunu saymağa başlayır, amma qiymət hissəsindən danışan olmur. Belə vəziyyətdə vətəndaşlar davamlı olaraq menyunu tələb etsələr, bu, dəbə düşəcək və həmin yer məcbur qalıb menyu tərtib edəcək. Bu mövzuda vətəndaşların laqeydliyi və səhlənkarlığı əsas rolu oynayır. Menyu təqdim etməyən kafelər birbaşa müştərilərin hüquqlarını pozur. Ona görə də bu sahəyə nəzarət edən dövlət qurumları olmalıdır. Yaxud bu problemin həlli üçün ictimai qınaq olmalıdır. Vətəndaşlar bu cür hallarla qarşılaşanda çəkib sosial şəbəkələrdə paylaşsalar, həmin iaşə obyektinin xoşagəlməz reklamı gedəcək və bu, digərlərinə də dərs olacaq. Müştəri mütləq haqqını tələb etməlidir. Menyusuz fəaliyyət qanunsuzdur. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Mən demirəm ki, bütün iaşə obyektlərini bir-bir cərimələyək, sadəcə, nəzarət daha güclü olmalıdır”.
Axin.az