Dünya enerji bazarında dəyişən qiymətlər, qeyri-neft sektorunda qeydə alınan yüksəliş Azərbaycan iqtisadiyyatının artım templərini də yüksəltməkdədir. Artıq nüfuzlu beynəlxalq maliyyə qurumları da cari il ərzində Azərbaycan iqtisadiyyatı ilə bağlı olduqca nikbin proqnozlar verir.
Asiya İnkişaf Bankının “Asian Development Outlook” aprel hesabatında da qeyd edilir ki, neft qiymətləri və neft hasilatının bərpa olunması ilə cari əməliyyatlar hesabının bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı 3,9 %-ə və gələn il 5,5 %-ə çatacaq. Hesabata əsasən, bütün ixrac məhsullarının, xüsusilə neft, meyvə və pambığın bu il 29,2 % artması proqnozlaşdırılır. İqtisadiyyatın bərpası nəticəsində gəlirlərin və istehlakçı xərclərinin artması ilə idxalın bu il 9,2 %, gələn il 2,7 % artması gözlənilir. Hesabatda qeyd edilir ki, nəqliyyat və turizmin tədricən düzəlməsi ilə xidmət kəsiri azalacaq. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri daxil olmaqla, ümumi valyuta ehtiyatların bu ilin sonunda bir qədər artaraq 50,1 milyard ABŞ dolları və səmərəli idarəetmə ilə bir il sonra 50,4 milyard dollar təşkil etməsi proqnozlaşdırılır. Xarici dövlət borcunun və dövlət zəmanəti ilə alınan xarici borcun bu ilin sonuna ÜDM-in 20 % ekvivalentinə qədər və bir il sonra 18,4 %-ə düşməsi proqnozlaşdırılır. Bütün bunlar Azərbaycanın dinamik iqtisadi inkişafını təmin edəcək.
Amma neft və qaz qiymətlərində qeydə alınan artım fonunda ölkəmizdə iqtisadi artımın daha yüksək rəqəmlərlə ifadə edilməsi də istisna olunmur. Məsələn, Azərbaycanın cari il ərzində neft satışından əldə etdiyi gəlirlər gözlənildiyindən daha çox olub. Çünki neft qiymətləri artan xətt üzrə inkişaf edib. Bu arada ABŞ Energetika Nazirliyinin ölkədəki ehtiyatlar və hasilatla bağlı məlumatlarının dərc olunmasından sonra dünyada neft qiymətləri yenə durmadan artır. “Brent” markalı neftin satış qiyməti 1 barrel üçün 66,86 dollara, WTI markalı neftin qiyməti 64,02 dollara çatıb. Azərbaycan neftinin qiyməti isə 70 dollara yaxınlaşır. Eyni zamanda, investorlar OPEC+ iclasından sonra da neftə daha çox sərmayə yatırır. Belə ki, iclasın yekununda OPEC+ Nazirlər Monitorinq Komitəsi ittifaqa may və iyul ayları üçün hasilatın məhdudlaşdırılması ilə bağlı razılaşmasının mövcud şərtlərini saxlamağı tövsiyə edib. Bu, tələbat bərpa olunduqca ixtisarların həcmində tədricən azalma olacağını nəzərdə tutur. Neftlə yanaşı, Azərbaycan qaz satışından da gəlirlərini artırır. Ölkə həm Türkiyə, həm də Avropa istiqamətində qaz satışını artırır. Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin açıqladığı aylıq hesabatda deyilir ki, təkcə bu ilin fevral ayında Türkiyə Azərbaycandan 966 milyon kubmetr təbii qaz idxal edib. Bu, ötən ilin fevral ayı ilə müqayisədə 12,4 % çoxdur. Bununla da Azərbaycan fevral ayında Türkiyəyə ən çox həcmdə təbii qaz ixrac edən ikinci ölkə olub.
Avropada isə qazın qiyməti yüksələrək üç aylıq rekordu yeniləyib. Bu, sərt hava proqnozları və Rusiya qazının Ukrayna ərazisi ilə tədarükündə mayda artım olacağına dair gözləntilərin təkzib edilməsi fonunda baş verib. Artıq qazın qiyməti yüksələrək hər min kubmetr üçün 272 dollar təşkil edib. Bu, yanvarın 24-dən bəri ən yüksək göstəricidir. Avropada yeraltı anbarlara vurulacaq qazın həcmində nəzərəçarpacaq dərəcədə çatışmazlıq yaşanır. Bu fonda Avropa Azərbaycandan daha çox qaz idxalına çalışır. Belə bir vaxtda o da bəlli olub ki, Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun bu ilin sonuna qədər inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Boru kəməri layihəsini həyata keçirən ICGB şirkəti bildirir ki, işlər nəzərdə tutulduğundan tez başa çatacaq. O da bildirilir ki, Yunanıstan-Bolqarıstan qaz kəməri layihəsi geridönməz bir mərhələdədir və podratçının proqnozuna görə, kəmər 2021-ci ilin sonuna qədər icraçı tərəfə verilməlidir.
Qeyd edək ki, ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin illik ötürücülük gücü 3 milyard kubmetr həcmində nəzərdə tutulur, ancaq tələb olduğu halda illik həcm 5 milyard kubmetrə qədər artırıla bilər. Xatırladaq ki, bu kəmər Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının ikinci mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30%-ni ödəyə biləcək. Beləliklə, daha çox sayda Avropa ölkəsi Azərbaycandan qaz alacaq. Bu da, neftlə yanaşı, Azərbaycanın qaz satışından da gəlirlərini artıracaq. Neft və qaza paralel olaraq qeyri-neft sektoru üzrə də ixrac həcmi sürətlə artır. Bu da ölkə iqtisadiyyatının artım templərini daha dinamik hala gətirir.