Baş nazir Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycanla dövlət sərhədində təxribat törədilib.
Bu haqda Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzi məlumat yayıb.
Qeyd edək ki, 21 apreldə ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin iki istiqamətində- Zəngilan rayonunun Seyidlər və Qubadlı rayonunun Şurnux kəndi istiqamətində təxribat törədiblər. Zəngilan rayonunun Seyidlər kəndində Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.
Məlumatda həmçinin qeyd olunub ki, hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.
Qubadlı rayonunun Şurnux kəndi istiqamətində isə 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. Göründüyü kimi, Ermənistan yenidən təxribat törətməyə cəhd edir.
Baş verən hadisəni Cebhe.info-ya şərh edən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, Azərbaycan bütün sərhəd istiqamətində anti-terror əməliyyatı keçirəməlidir:
“Rəsmi informasiyaların xüsusi olaraq təftiş olunmasının tərəfdarı deyiləm. Azərbaycan tərəfinin yaydığı rəsmi məlumat inanmaq üçün birinci materialdır. Ümumi götürəndə isə son günlərdə Ermənistanla sərhəd zonasından, hətta məlumat verilməyən insidentlər haqqında informasiyalar çoxalıb. Qubadlı istiqamətində, Zəngilan tərəfindən erməni təxribatlarının olması haqqında rəsmi olmayan məlumatlar yayılır. Bu, onu göstərir ki, hansısa fitnəkarlıq hazırlanır. Azərbaycan tərəfi də bunun üçün xüsusən sərhədlərimizin qorunması üçün tədbirlər görülməli və terrorçu rejimin qaldığı ərazidə onların cavabını verməlidir. Hesab edirəm ki, anti-terror əməliyyatına ehtiyac var. İstənilən halda bu istiqamətdə ordu, sərhəd xidməti, silahlı qüvvələr, hüquq-mühafizə orqanları qəti addımlar atacaqsa, Azərbaycan cəmiyyəti həmin addımları müdafiə edəcək”.