Krımda Rusiya Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri başlayıb.
AXİN.AZ-ın məlumatına görə, bunu aprelin 22-də ölkənin Müdafiə Nazirliyinə istinadla "İnterfaks” xəbər verib. Qurumdan bildirilib ki, yarımadada gerçəkləşən təlimdə 10 mindən çox hərbçi iştirak edir.
Bundan əlavə, Cənubi Hərbi Dairə, Qara Dəniz Donanması, Xəzər Donanması və Hava-десant qoşunları birləşmiş silahlı qüvvələrinin 1200 ədəd silah və hərbi texnikası, 40-dan çox döyüş gəmisi və 20 dəstək gəmisi manevrlərə cəlb edilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqunun Krıma səfər etdiyi bildirilmişdi. Nazir birləşmələrin və hərbi texnikanın yerləşdirildiyi əraziləri havadan müşahidə etmişdi, həmçinin dəniz və quru qruplaşmalarının hazırlıq səviyyəsi ilə də maraqlanmışdı.
Xatırladaq ki, aprelin əvvəlində müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrində plana uyğun olaraq döyüş hazırlığı vəziyyətinin yoxlanılmasına başlanıldığını bildirmişdi.
"Silahlı Qüvvələrin təlim planına uyğun olaraq, hərbi komandanlıq və idarəetmə orqanlarında, birləşmələrdə və hərbi hissələrdə nəzarət yoxlamaları başlayıb. Qoşunlar taktiki, xüsusi taktiki və ikitərəfli təlimlər üçün poliqonlara çıxarılıb”, – deyə nazir qeyd etmişdi.
Onun sözlərinə görə, aprel ayında 101 poliqonda, 520 təlim mərkəzində 812 ikitərəfli təlim daxil olmaqla ümumilikdə 4 048 müxtəlif miqyaslı təlim keçirilməsi planlaşdırılır.