Bakıda bacısını və onun sevgilisini bıçaqlayan şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəddə suçlanan Sadiq Sadıqovun məhkəməsi baş tutub.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Sadiq Sadıqov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Yasamal rayonu ərazisində 27 yaşlı Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan sevgilisi 24 yaşlı İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilib.
Araşdırma zamanı hadisəni 25 yaşlı Sadiq Sadıqovun törətdiyi məlum olub. Sadiq bacısının bu münasibətindən razı olmayıb və etiraz edib. Bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisə olub.
Qeyd edək ki, Sadiq Sadıqov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.
Məhkəmə istintaqı dövründə zərərçəkənlər Sadiq Sadıqovu bağışlayıb.