Səlim Müslümovun həbsindən sonra onun nazir işlədiyi dövrdəki fəaliyyəti ilə bağlı yeni faktlar üzə çıxmaqdadır. Keçmiş nazirin ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, Müslümovun “qara kassası” sayılan Əjdər Cəbiyevin də həbsi göstərir ki, bu dairə kifayət qədər genişlənə bilər.
Yenisabah.az xatırladır ki, S.Müslümov ƏƏSMN-nin rəhbəri vəzifəsinə İsmayıllı rayonunda baş verən iğtişaşların dalğasında gəldi. O, həmin vaxta qədər Sosial Müdafiə Fondunun sədri idi. O zaman Əmək və əhalinin sosial müdafiəsi naziri olan Füzuli Ələkbərovun və onun qardaşı - İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovun oğlanlarının rayonda etdiyi özbaşınalıq böyük iğtişaşlara səbəb oldu. Onların rayondakı oteli, bahalı avtomobilləri yandırıldı, özləri isə "arzuolunmaz adam"a çevrildilər. Bundan az sonra isə F. Ələkbərov nazir vəzifəsindən azad edildi və yerinə Müslümov təyin olundu.
Müslümovun vəzifəyə təyin olunduğu ilk vaxtlar yəqin ki, çoxlarının yadındadır. O zaman yeni naziri kollektivə Prezident Administrasiyasının aparat rəhbəri Ramiz Mehdiyev təqdim etmişdi. Təqdimat zamanı Mehdiyev belə bir cümlə işlətmişdi: “Siz indiyə qədər əsl nazirlə işləməmisiniz. Səlim Müslümovla işləyəndən sonra əsil nazir necə olur, görəcəksiniz!”.
Həqiqətən də qısa müddətdə S.Müslümov özünü göstərdi. Kameraların qarşısında, açıq iclaslarda davamlı olaraq nazirliyin yüksək vəzifəli şəxslərini ayağa qaldırır, onu aşağılayır, işinin öhdəsindən gələ bilmədiyini deyir və iclas zalından qovurdu. Belə hal dəfələrlə baş verdi və özü haqda belə bir imic yaratmağa çalışdı ki, guya o, rüşvət alanlar, korrupsiyaya bulaşanlarla işləməyəcək. Yəni nazirlikdə "təmizləmə əməliyyatı" aparır.