Daxili İşlər Naziri Vilayət Eyvazovun başlatdığı islahatlar tam sürətilə davam edir. İndi bu islahatlar əhalinin daha çox narazılıq etdiyi Dövlət Yol Polisi strukturlarında reallaşmaqdadır.
Məlumat üçün bildirək ki, bu günlərdə nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Bununla bağlı yayılmış məlumatda bildirilir ki, polis polkovniki Rəşid Piriyev də idarənin rəisi vəzifəsinə təsdiqlənməyib. R. Piriyev hazırda idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edir.
Bir neçə gün öncə isə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib, idarənin rəis müavini, polkovnik Rəşadət Babayev isə tutduğu vəzifədən azad edilib.
Axin.az "İxa.az" istinadən xəbər verir ki, iddialara görə, yol polisi strukturlarında aparılan islahatlar bununla yekunlaşmayıb. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, 69 yaşı tamam olmuş polis general-mayoru Ramiz Zeynalov da artıq işdən kənarlaşdırılaraq təqaüdə göndərilir.
Həmin qərarın isə yaxın günlərdə rəsmən elan ediləcəyi bildirilir.