Sosial Şəbəkələrdə Aktyorluq Adı ilə Fırıldaqçılıq: DİN-dən Vətəndaşlara Xəbərdarlıq
Gündəm
28-01-2025, 18:00
Sosial şəbəkələrdə məşhur türk seriallarında aktyor kimi işə düzəltmək adı ilə fəaliyyət göstərən şübhəli şirkətlərin sayı artıb. Bu şirkətlər, adətən, vətəndaşlardan onlayn müraciət qəbul edir və onları müsahibəyə dəvət edir. Görüş zamanı şirkət əməkdaşları vətəndaşlara iş prosesini izah edir və iş birliyinə başlamaq üçün müəyyən məbləğ (adətən 20-30 manat) ödəyərək müqavilə imzalamağı təklif edirlər. Onlar, həmçinin, bu məbləğin şəxsin sənədlərinin Türkiyədəki məlumat bazasına daxil edilməsi üçün lazım olduğunu bildirirlər.
Bundan sonra iştirakçılar sınaq mərhələsinə cəlb edilir. Lakin əksər hallarda, şəxslərə onların aktyorluq bacarıqlarının yetərsiz olduğu deyilir və təlimlərə qatılmağın vacibliyi vurğulanır. Təlimlərin ödənişli olduğu isə əvvəlcədən qeyd edilmir və əlavə pul tələb olunur.
Bu cür hallarda bir çox vətəndaş aldadılaraq həm vaxtını, həm də pulunu itirir.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bu cür şikayətlər ciddi şəkildə araşdırılır. Nazirlik bildirib ki, bəzi şəxslər işə qəbul adı ilə insanlardan müxtəlif məbləğlərdə ödənişlər tələb edir və məbləğ ödənildikdən sonra əlaqə nömrələrini bloklayırlar. Vətəndaşlara tövsiyə olunur ki, elan saytlarında və sosial şəbəkələrdə paylaşılan məlumatlara diqqətlə yanaşsınlar və şübhəli ödənişlərdən uzaq dursunlar.