Oktyabrın 28-də səhər saatlarından Bakıya intensiv yağışın yağması müzakirələrə səbəb olub. Belə ki, ictimaiyyət və bir sıra tanınmış şəxslər bunun süni şəkildə baş verdiyini iddia edir.
Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov bunun mümkün olmadığını bildirib.
Onun sözlərinə görə, süni yağış üçün külli miqdarda vəsait tələb olunur:
“Kimin gücü çatar süni yağış yağdırmağa? Bir dəfə ABŞ 1970-ci illərdə Vyetnamla müharibə zamanı süni yağış yaratdı. Bu addımı qalib gəlmək, yolları darmadağın etmək üçün atdı. Axırda isə tələyə özü düşdü. Süni yağış çox baha başa gəlir. Kim o qədər puldan keçər? Hazırda El Nino hava şəraiti yaşanır. Bu isə o deməkdir ki, bəzi yerlərdə quraqlıq olur, bəzi ərazilərə isə yağıntı həddən artıq çox düşür”.
Telman Zeynalov
T.Zeynalovun fikrincə, Azərbaycanda yağan yağış normaldır:
“Eyni hava 1960-70-ci illərdə də olub. İndi biz qışda qar görmürük, amma 30-40 il əvvəl əsl qış və qar görürdük. Bilirsiniz, çirkin və siyasi oyunlar gedir. Kimin ağlına nə gəlirsə, onu da edir”.