İran İslam Respublikasının yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər etmiş Həmas lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi, İranın nüfuzuna kifayət qədər zərbə endirib.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elnur Kəlbizadə deyib. O bildirib ki, müəyyən iddialar var ki, bu hadisənin İranın özü tərəfindən törədildiyini deyir:
“ İsmayıl Haniyənin İsrail dövləti və bir çox digər dövlətlər tərəfindən siyasi persona olaraq, hansı formada qəbul edilməsindən asılı olmayaraq, Şərqdə bir qonaq hüququ anlayışı vardır və Şərqdövlətlərinin siyasi sistemində qonağın qorunması qəbul edən dövlətin fövqəladə dərəcədə məsuliyyəti altında olan bir məsələdir. Yəni burada təkcə hansısa diplomatik, siyasi qaydalardan söhbət getmir, həm də Şərq dövlətlərində Şərq ölkələrinin siyasi sistemində mövcud olan ənənələrdən söhbət gedir. Bu baxımdan təbiidir ki, İran İsmayıl Haniyənin öldürülməsinin cavabını verməlidir və indiki halda həm İsmayıl Haniyənin rəhbəri olduğu təşkilatın mövqeyini nəzərə aldıqda, həm İran İslam Respublikasının Yaxın Şərqdəki siyasətini nəzərə aldıqda, bütün diqqətlər məhz İsrail üzərinə yönəlib. Düzdür, müəyyən iddialar var ki, bu hadisə İranın özü tərəfindən törədilib. Hər halda bütün məntiqi dəlillər göstərir ki, bir dövlətin, xüsusən belə bir ali toplantıya gəlmiş qonağı özünün qətlə yetirilməsi heç bir halda ağlabatan deyildir. Təbii ki, İranda onun ərazisində onun qonağına qarşı törədilmiş hücuma adekvat cavab vermək niyyətindədir. Bu cavabın böyük müharibə miqyasında olacağını düşünmürəm. Hər halda İran həm onun ərazisinə, həm ona aid olan hərbi birləşmələrin rəhbərliklərinə qarşı törədilmiş hücumlardan sonra etdiyi kimi, bu dəfə də adekvat cavab verəcəkdir”.
Axın.az