HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi İranda şok effekti yaradıb.
Axın.az Globalinfo.az-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusu Haniyənin ölümü ilə bağlı artıq ikinci bəyanatını yayıb.
SEPAH Haniyənin ölümünə sərt və ağrılı reaksiya verəcəyini bildirib.
Prezident Məsud Pezeşkianın müavini Məhəmmədrza Arif isə Haniyənin ölmünü Pezeşkianın hakimiyyətinə meydan oxuma kimi şərh edib. O bunun regionda yeni böhran yaratmağa yönəldiyini bildirib:
“Bu qətlin məqsədi İrana indi – xüsusilə yeni milli birlik hökumətinin başlanğıcında regional və beynəlxalq prizmadan meydan oxumaqdır”.
Haniyənin qətli həmçinin İranda son 5 ildə nüvə alimlərinin ölümündən sonra ən böyük sui-qəsd sayılır. Bu da öz növbəsində İranda İsrail və ABŞ xüsusi xidmət orqanlarının geniş şəbəkəyə malik olması və onu daha da gücləndirməsi ilə bağlı ehtimalları artırıb.
Bu məsələyə toxunan iranlı mühacir jurnalist Kambiz Qafuri də Haniyənin ölümünün İsrail kəşfiyyatının İrandakı təsirinin nə qədər çox olduğunu göstərdiyini bildirib. O bu qətl üçün bir neçə gün planlaşdırmaya ehtiyac olduğunu söyləyib:
“Bu hücumun PUA-larla İran daxilində törədilməsi həm də onu göstərir ki, İsrail İran daxilində artıq operativ qüvvəyə sahibdir. Bu da İsrailin gücünü göstərir”.
Haniyənin ölümü həmçinin İran iqtisadiyyatına da təsir edib. Belə ki, SEPAH-a yaxın “Tasnim” agentliyi qızıl və valyuta bazarında gərginliyin artdığını yazıb. Lakin agentlik dolların dəyəri haqqında məlumat verməyib.
“İran İnternational”ın məlumatına görə, qara bazarda dolların dəyəri 2000 tümən artaraq 60 minə çatıb.
Qeyd edək ki, Haniyə bu gün İranda öldürülüb. İran onun ölümündə İsraili ittiham edib. Təl-Əviv isə iddianı təkzib edib.
Axın.az