Kiyev və London 100 illik müqavilə bağlayacaq: təfərrüatlar
Dünya
16-01-2025, 17:32
Ukrayna və Böyük Britaniya yüzillik tərəfdaşlıq sazişi çərçivəsində Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini gücləndirmək niyyətindədir.
Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Müqavilə dəniz təhlükəsizliyi sahəsində hərbi əməkdaşlığı gücləndirəcək, Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini artırmaqla yanaşı, Rusiyanın təhdidlərinə qarşı çəkindirici rol oynayacaq.
İki ölkə arasında tərəfdaşlıq sazişi hərbi və qeyri-hərbi sahələrdə əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi məqsədini daşıyır. Baş nazir Keir Starmer vurğulayıb ki, London və Kiyev indiyə qədər olduğundan daha da yaxınlaşıb. "Bu tərəfdaşlıq dostluq münasibətlərimizi yeni səviyyəyə qaldıracaq," – deyə o qeyd edib.
"Guardian" və "Financial Times" daha əvvəl məlumat vermişdilər ki, baş nazirin Kiyevdə Ukraynaya gələcək hərbi dəstəyi, o cümlədən Britaniyanın sülhməramlı missiyalarda iştirak imkanlarını müzakirə edəcəyi gözlənilir. Səfər zamanı baş nazir Ukrayna iqtisadiyyatının bərpası üçün əlavə olaraq 40 milyon funt-sterlinq maliyyə yardımı ayrılacağını da elan edəcək.
Ukrayna Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanı, hazırda Böyük Britaniyadakı səfir Valeriy Zalujnı Starmeri Kiyevdə qarşılayıb. O, teleqram kanalında qeyd edib: “Britaniya tərəfi bu çətin dövrlərdə bizə fəal kömək edir. Kiyevdə keçiriləcək görüşlərdə Ukrayna və Böyük Britaniyanın ali rəhbərliyi təhlükəsizlik sahəsində gələcək əməkdaşlığı müzakirə edəcək. Lakin ən mühüm hadisə müdafiədən tutmuş elm və mədəniyyətə qədər bir çox sahəni əhatə edəcək 100 illik tərəfdaşlıq müqaviləsinin imzalanması olacaq”.
* * *
Böyük Britaniyanın baş naziri Keir Starmer yanvarın 16-da elan olunmamış səfərlə Ukraynaya gəlib.
"Associated Press" xəbər verir ki, Britaniya hökuməti Starmer və Ukrayna prezidenti Vladimir Zelenskinin müdafiə, elm, enerji və ticarət sahələrini əhatə edən 100 illik tərəfdaşlıq sazişi imzalayacağını bildirib.
Bu, Starmerin iyul ayında baş nazir vəzifəsinə gəldikdən sonra Ukraynaya ilk səfəridir. Qeyd edək ki, o, 2023-cü ildə müxalifət lideri olarkən də Ukraynaya səfər etmiş və baş nazir olduqdan sonra iki dəfə Zelenski ilə danışıqlar aparmaq üçün Dauninq küçəsi 10-da görüşmüşdür.