Hulusi Akar: “Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək” - VİDEO
Dünya / Video
20-11-2022, 12:00
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında Hərbi Hava Qüvvələrinin qırıcıları vasitəsilə “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı keçirib.
Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyatın istər planlama, istərsə də icra prosesində günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb və buna böyük həssaslıqla yanaşılıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlamasında deyib ki, terrorçuların sığınacaqları, bunkerləri, mağaraları, tunelləri və anbarları, terror təşkilatının qondarma qərargahı məhv edilib: “Yalnız terrorçular və terrorçulara məxsus strukturlar hədəfə alınıb”.
Nazir bildirib ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.
11:38
Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı Suriyada dörd, İraqda isə bir bölgəyə hava zərbələri endirilib.
Bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Suriyanın Kobani, Tel-Rifat, Derbisiya, Derik və İraqın Şengal bölgəsi Türkiyənin “F-16” qırıcıları və pilotsuz uçuş aparatları ilə vurulub.
Bildirilib ki, əməliyyatda iştirak edən hərbə texnika Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının Diyarbəkirdəki 8-ci əsas reaktiv bazasından havaya qalxıb.
10:45
Türkiyə ordusu Suriyada və İraqda terrorçuların mövqelərini darmadağın edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" hesabında məlumat yayıb.
“Terror yuvaları dəqiq zərbələrlə darmadağın edilir”, - Milli Müdafiə Nazirliyinin"Twitter" hesabındakı paylaşımında qeyd edilir.
Milli Müdafiə Nazirliyi həmçinin sosial şəbəkə hesabında "Hesab vaxtıdır! Alçaqlardan xain hücumların hesabı sorulur", - paylaşımını edib.
Paylaşımda Türkiyənin döyüş təyyarəsinin uçuş-enmə zolağından qalxmasının fotosu da yer alıb.
Nazirlikdən əlavə edilib ki, İraq və Suriyanın şimalında terrorçuların Türkiyəyə qarşı hücumları üçün baza kimi istifadə edilən bölgələrdə “Pençe Kılıç” hava əməliyyatı həyata keçirilib. Əməliyyatın keçirilməsində məqsəd PKK/YPG və digər terror qruplaşmalarını, İraq və Suriyanın şimalından Türkiyə xalqına, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı terror hücumlarını zərərsizləşdirmək, sərhədin təhlükəsizliyini təmin etmək, terroru mənbəyində məhv etmək məqsədi daşıyıb.