Ukraynada tapılan kütləvi türk məzarlıqları və Hürrəm Sultanın doğulduğu yerin izi ilə - VİDEO
Dünya
9-11-2021, 15:36
105 il əvvəl – Birinci Dünya müharibəsinin ən həlledici mərhələsində Polşa və Macarıstanın bir hissəsini əhatə edən Qərbi Ukraynanın Qalitsiya bölgəsində anidən türk əsgərləri meydana çıxır.
Almaniyanın müttəfiqi kimi çar Rusiyasına qarşı həlledici döyüşlərə qatılan 30 minlik Osmanlı Ordusu burada 12 minə qədər şəhid verir. İndi bu bölgədə həmin türk zabit və əsgərlərinin 6 məzarlığı aşkar edilərək əbədiləşdirilib. Türklərin buraya gəlişi 1916-cı ilin iyulunda müttəfiq Avstriya-Macarıstan və Almaniya dövlətlərinin dəvəti ilə baş tutur. Osmanlı Ordusu Türkiyədəki 19-cu və 20-ci diviziyaların hərbçilərinin bir qismindən ibarət 15-ci korpusla bu döyüşlərə qatılır, əsasən də Qərbi Ukraynanın Karpat dağlarının ətəyində gedən döyüşlərdə iştirak edir. Xüsusi məzarlıqdan başqa Qərbi Ukraynanın müxtəlif məzarlıqlarında da döyüşlərdə həlak olan türklər dəfn olunub.
İvano-Fransovsk vilayəti Roqatin şəhər tarix-diyarşünaslıq muzeyinin direktoru Olqa Blaqa deyir ki, 1930-cu illərin sonlarına qədər məzarlıqlar yerli əhali tərəfindən diqqətlə qorunsa da, sonradan sovet hakimiyyəti tərəfindən unutdurulur, hətta bəzi hissələri məhv edilir.
Türk məzarlıqları hətta sovet hakimiyyəti dağıldıqdan sonra da bir müddət kimsənin diqqətini çəkməyib. Nəhayət, professor Vladimir Çernyak yerli orqanlar qarşısında məsələ qaldıraraq, Türkiyənin Ukraynadakı səfirliyinə bu barədə müraciət edir və bundan sonra məzarlıqların yeri aşkar edilərək, şəhidlik statusunda əbədiləşdirilir. Artıq postpandemiya dövründə bu məzarlıqlara Türkiyədən xüsusilə burada həlak olanların nəvə-nəticələri başda olmaq şərti ilə ekskursiyaların təşkili nəzərdə tutulur. Bunun üçün məzarlıqların yerləşdiyi dağlıq ərazilərə türk şirkətləri gəlib, yol inşa edəcəklər.
Qeyd edək ki, 16 yaşına qədər Roqatində yaşayan Hürrəm Sultan atasının keşişi olduğu kilsədə Krım tatarları tərəfindən əsir alınaraq aparılır, sonra isə Osmanlı sarayına aparılır. Həmin epizod məşhur “Muhteşem Yüzyıl” serialında da səhnələşdirilib. Məhz bu tarixi anlamına görə yerli sakinlər bu kilsəni restavrasiya edərək, indi də tarixi abidə kimi qoruyub saxlayırlar.