Dünya mediası və ictimai dairələri neçə gündür ki, Moskvada keçirilən beynəlxalq antifaşist forumunu şərh edir. Maraqlıdır ki, forumu izləyərkən yenə də ikili standartlar və qərəzli mövqenin şahidi oluruq. Nasizm ideyalarının yayılmasına qarşı “cihad” elan edən Moskva bu məsələdə də siyasi maraqlarını önə çəkir. Onun imperiya maraqlarına qarşı çıxan Baltikyanı dövlətlər və Ukrayna hədəfə alınır, faşizm ideyalarını yayan Ermənistan isə “unudulur”. Sanki faşist əlaltısı Qaregin Njdeyə İrəvanın mərkəzində 16 metrlik abidəni ucaldan ermənilər yox, başqasıdır. Böyük Vətən müharibəsinin və Nürnberq məhkəməsinin ildonümünə, eləcə də faşizm qurbanlarının xatirəsinə həsr olunan forum bir neçə gündür ki, faşizm təhlükəsindən bəhs edir, buna qarşı tədbirləri qabardır. Diqqət mərkəzində neofaşizm və ksenofobiya hallarının artığı ölkələrin reytinqinin yaradılması da var. Bu siyahıda da Ermənistan yoxdur.
Bu barədə “Kaspi” qazetində məqalə dərc olunub.
Rusiya xarici işlər naziri Sergey Lavrov tədbirdə çıxış edib. Nazir videomüraciətində müharibədən 80 ilə yaxın vaxtın keçməsinə baxmayaraq, faşizm xəstəliyinə qarşı peyvəndin zəifləməyə doğru getdiyini deyib. Xarici siyasət idarəsinin rəhbəri hədəf kimi Baltikyanı dövlətləri və Ukraynanın adını çəkib. Amma bir dəfə də olsun faşizm ideyasının yayıldığı Ermənistanın adını çəkməyib. Halbuki nazirin rəhbərlik etdiyi qurum neçə ildir ki, Ermənistanda faşizm ideyalarının yayılmasından şikayət edir, buna son qoyulmasını rəsmi İrəvandan tələb edirdi.
Yeri gəlmişkən, tədbirdə o da bildirilib ki, Dövlət Dumasına nasizmin bərpası və təbliğatının qadağan edilməsi barədə qanun layihəsi daxil olub. Burada ölkə ərazisində “nasizm”, “faşizm” və “Sovet İttifaqı xalqlarının soyqırımı” anlayışlarının qadağan edilməsini nəzərdə tutan bəndlər var. Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, sənəd eyni zamanda nasizmin bərpası və təbliğatının qadağan edilməsini, İkinci Dünya müharibəsinə həsr olunmuş arxiv sənədləri, film və fotomateriallar kompleksinin hüquqi statusunun tənzimlənməsini də nəzərdə tutur.
2016-cı ildə Ermənistanın keçmiş rəhbərliyi İrəvanın düz mərkəzində faşist əlaltısı Qaregin Njdenin nəhəng abidəsini ucaldanda buna qarşı etiraz olmadı. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Aşqabad sammitində faşizmin Ermənistanda canlandırılmasını qabartdıqdan sonra vəziyyət dəyişdi. Prezident erməni baş nazir Nikol Paşinyanın da iştirak etdiyi sammitdə bu ölkənin faşist mahiyyətini açıq şəkildə ortaya qoydu. Qəribə olan odur ki, İrəvanın mərkəzində nasist Njdeyə abidə ucaldılır, faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxan Rusiya isə buna göz yumur. Bəli, tam əminliklə demək olar ki, bu gün Ermənistan nasizmin qalib gəldiyi ölkədir.