“20 iyun Ermənistan müstəqillik dövründən bəri bəlkə də ən əhəmiyyətli parlament seçkilərinə ev sahibliyi edəcək. Yalnız bu respublika üçün deyil, Rusiya üçün də vacibdir. Deməli, Moskvanın bu seçkiləri izləməsi və başqalarının Rusiya amilindən istifadə etməsinə imkan verməməsi lazımdır”.
Axın.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçisi Gevorq Mirzoyan xüsusi olaraq “Vzqlyad” nəşrinə yazdığı şərhdə vurğulayıb.
O yazısında daha sonra bildirib:
“Əlbəttə, rusiyalı oxucunun bir sualı var: Moskvanı Ermənistanın taleyi niyə narahat etməlidir?”
G.Mirzoyan hesab edir ki, ermənilər Paşinyan hakimiyyətindən dərs almayıb. Belə olsaydı, Qarabağ itirildikdən sonra Moskva ilə münasibətlər pisləşməzdi. Bunun nə qədər zərərli olduğunu dərk etmədikləri ortadadır. Çünki bu gün də Ermənistanda “çoxvektorlu” siyasət davam edir, ölkənin təhlükəsizliyinin qarantı kimi yalnız Rusiya hesab edilmir.
Politoloq bildirir ki, bütün bunların fonunda Paşinyan kimi fırıldaqçıya yenidən səs verməyə hazırlaşanlar var. Əgər belədirsə, İrəvanın Ərdoğanabad adlandırılmasından inciməsinlər.
Mirzoyana görə, Ermənistanın itkisi yalnız ermənilər üçün deyil, Rusiyanı da təhdid edir. O, məqaləsində vurğulayır ki, əgər İrəvan Moskvanın təsir dairəsindən çıxsa, Rusiya Qafqazdakı yeganə müttəfiqindən məhrum olacaq. Ermənilər mürəkkəb, sadəlövh və ya bayağı ola bilərlər – ancaq Rusiyanın bölgədə bu xalqdan başqa müttəfiqləri yoxdur.
Onun sözlərinə görə, Azərbaycan Türkiyənin, Gürcüstan isə ABŞ-ın nəzarətindədir. “Bəli, gürcülər tərəddüd edirlər – başa düşürlər ki, Ştatlar onları Türkiyənin iqtisadi işğalından qoruya bilməz, lakin gürcü elitasında iki şər arasında seçim etmək üçün beyin və ya siyasi cəsarət çatmır, bunlardan birincisi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi, ikincisi – Türk iqtisadi işğalı”, – deyə siyasi şərhçi yazıb.
Məqaləsində erməni yazar açıq şəkildə üzünü Krlemlə tutub: Ermənistanın itkisi ilə Rusiya Qara dənizdən Xəzər dənizinə qədər Türkiyə tərəfindən idarə olunan bir bölgəni əldən verəcək. Bu da Rusiya Federasiyasını Orta Şərqdən ayıracaq.
Politoloq məqaləsinin sonunda yazır ki, bu cür perspektivlər, yumşaq desək, ürəkaçan deyil, buna görə də Moskva Ermənistanla bağlı mövqelərini açıq şəkildə ifadə etməlidir. Bu baxımdan Moskva Rusiyapərəst siyasətçi hesab etdiyi şəxsləri tam müdafiə etməli, onların reytinq qazanmalarına kömək etməli, Ermənistanın suverenliyini qorumaq üçün bəzi real və nümayişkar addımlar atmalıdır. Eləcə də avantürist qüvvələri sıxışdırmalı, onları yerində oturtmalıdır. Rusiya bunu yalnız Ermənistan və ermənilər üçün deyil, Qafqazda öz mənafelərini qorumaq naminə həyata keçirməlidirlər.
Natiq Səlim,