İndiyədək dünya üzrə koronavirus əleyhinə 825 milyon dozadan çox vaksinləmə aparılıb.
AZƏRTAC xəbər verir ki, ourworldindata.org saytının məlumatına əsasən, ABŞ 192 milyon 280 min doza ilə hazırda dünyanın ən çox vaksin istifadə edən ölkəsidir. Bu siyahıda Birləşmiş Ştatların ardınca Çin (175 milyon 620 min), Hindistan (111 milyon 180 min), İngiltərə (40 milyon 110 min), Braziliya (40 milyon 110 min) və digər ölkələr gəlir.
Əhali sayına görə isə ən çox vaksinasiya aparılan ölkə İsraildir. İstifadə edilən dozanın ölkə əhalisinin sayını üstələdiyi İsraildə hər 100 nəfərə 118,88 vaksin dozası düşür. Onu 110,58 doza ilə Seyşel adaları, 92,58 doza ilə Birləşmiş Ərəb Əmirlikləri, 64,13 doza ilə Çili və sair ölkələr izləyir.
Vaksinlərin qitələr arasında paylanması sırasında ilk pilləni Asiya tutur - 375 milyon 860 min doza. Siyahıda ikinci yerdə 216 milyon 250 min vaksin dozasının istifadə olunduğu Şimali Amerika, üçüncü yerdə isə 162 milyon 640 vaksin dozası ilə Avropa qərarlaşıb. Cənub yarımkürəsində yer alan qitələr isə bu göstəriciyə görə geri qalır. Cənubi Amerikada 55 milyon 340 min, Afrikada 13 milyon 680 min, Avstraliya və Okeaniyada isə 1 milyon 330 min vaksin dozası istifadə edilib.
Qeyd edək ki, mart ayında Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, hazırda dünyada 138 milyon 931 mindən çox yoluxma və 2 milyon 987 mindən çox ölüm faktı qeydə alınıb, 112 milyon 582 min nəfər COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 23 milyon 361 min nəfərdən 106 min 438 nəfərin vəziyyəti ağır qiymətləndirilir.