Təcili həll və humanitar yanaşma tələb edən bir sıra ağrılı məsələlər var. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan bunu RBC-yə verdiyi müsahibəsində söyləyib.
O, xüsusilə vurğulayıb ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasından danışmaq üçün çox ağrılı məsələlərin həllinə ehtiyac var.
“Ermənistan üçün bütün bunlar çox ağrılıdır, hansı ki, bir zamanlar Azərbaycan üçün ağrılı idi. Ancaq münasibətlərin normallaşması və ya hər hansı bir layihədən danışmadan əvvəl həll edilməsi lazım olan çox ağrılı məsələlər var”, deyə dövlət başçısı bildirib.
Sarkisyan, itkin düşənlərlə bağlı məsələnin də çox ağrılı olduğunu vurğulayıb.
“Bir çox sualın cavabı sərhədin o tərəfindədir. Azərbaycan məlumat və ya qurum təqdim edərək bu ailələrə kömək edə bilər”, deyə Sarkisyan əlavə edib.
Xatırladaq ki, 2020-ci il sentyabr ayının sonunda Ermənistan tərəfinin təxribatları və işğalçılıq niyyəti fonunda Dağlıq Qarabağda müharibələr yenidən başlayıb və bu uzunmüddətli münaqişənin davamı olan döyüşlərdə ermənilər çox sayda itkilərlə üzləşməli olub. Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd etsələr də, 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşmanın müvəffəq olduğu ortaya çıxıb. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması və əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər.
Onu da diqqətə çatdıraq ki, müharibə Ermənistan tərəfinin məğlubiyyəti ilə başa çatsa da, bu reallıqla barışa bilməyən ermənilər küçələrə yığışaraq, mitinlər, etiraz aksiyaları keçirir, hakimiyyətdən istefa tələb edirlər. Həmçinin, erməni əsilli əsgərlərin Dağlıq Qarabağ ərazisində, onlara aid olmayan torpaqlarda vuruşmasına, hətta hərbi xidmət etməsinə belə etiraz edirlər. Bir çox itgin düşən əsgərlərin valideynləri də övladlarının cəsədlərinin belə tapılmasını və onlara təhvil verilməsini hökumətdən tələb edir, hansıki, bu məsələdə Ermənistan hakimiyyəti bacarıqsızlıq nümayiş etdirir. Bu isə, öz növbəsində, daha böyük narazılıqlara gətirib çıxarır. Bununla yanaşı, müharibə bitdikdən sonra Dağlıq Qarabağda gizlənən terrorçu erməni qruplaşmalarının Azərbaycan tərəfindən zərərsizləşdirilməsi və saxlanılması fonunda Ermənistan tərəfi onların əsir olduğunu iddia edirsə də, beynəlxalq hüquq bu saxlanılanların hərbi əsir olmadığını təsdiqləyir və Azərbaycan tərəfi də bu məsələyə beynəlxalq hüquqi yanaşma nümayiş etdirir.
Görünür, Ermənistan prezidenti də münasibətlərin normallaşdırılması üçün təcili həll edilməli və ağrılı məsələlər dedikdə bütün bunları nəzərdə tutur. Amma, nəzərə alınmalıdır ki, bu ağrılı məsələləri əvvəla Ermənistan tərəfi özü yaradıb. Digər tərəfdən də Ermənistan prezidenti nəzərə almalıdır ki, beynəlxalq hüququn norma və prinsplərinə uyğun davranan Azərbaycan tərəfi deyil, Ermənistan tərəfi özü günahkardır və münasibətlərin normallaşdırılması üçün ağrılı məsələlər dediyi bütün məsələləri özü həll etməli, vəziyyətə daha doğru və sağlam yanaşma nümayiş etdirməlidir ki, münasibətlər normallaşdırılsın.