Norveçdə koronavirusa yoluxanların sayı 6 678-ə çatıb.
“axin.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin İctimai Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, son sutkada daha 110 nəfər yoluxub, 3 nəfər isə ölüb. Beləliklə, ölənlərin ümumi sayı 142-yə çatıb.
Bundan başqa, ölkədə indiyədək 32 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Ölkə rəhbərliyi aprelin 20-dən sonra uşaq bağçaları, ibtidai siniflərin, ali təhsil müəssisələri və bir sıra obyektlərin fəaliyyətini bərpa etmək haqqında qərar qəbul edib. Ötən həftə hökumət pandemiya ilə bağlı vəziyyəti nəzarət altına aldığını açıqlamışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 018 000-i ötüb. Bunların 492 148 nəfəri sağalıb, 128 056 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.