Fevralın 28-də Yaponiya parlamentinin aşağı palatası aprelin 1-də başlayacaq növbəti maliyyə ili üçün dövlət büdcəsini təsdiq edib.
Axin.az xəbər verir ki, sənəd parlamentin aşağı palatasında üstünlük təşkil edən hakim Liberal Demokratik Partiyasından və “Komey” partiyasından olan deputatların səs çoxluğu ilə qəbul edilib. Müxalifətdən olan deputatlar onun ötən il, yeni koronavirusla əlaqədar mübarizə xərcləri nəzərə alınmadan hazırlandığını əsas gətirərək dövlət büdcəsinin layihəsini tənqid ediblər. Bundan sonra sənəd parlamentin yuxarı palatasına göndəriləcək.
Məlumat üçün qeyd edək ki, büdcənin məxaric hissəsi 102,66 trilyon yen (təqribən 938 milyard dollar) təşkil edəcək ki, bu da cari maliyyə ili ilə müqayisədə 1 trilyon yen çoxdur. Xərclərin əsas hissəsini sosial müdafiə məsrəfləri təşkil edir. Növbəti maliyyə ilində bu məqsədlə xərclərin təqribən 5 faiz artacağı və 35,86 trilyon yen (təqribən 328 milyard dollar) təşkil edəcəyi bildirilir. Buna əsas kimi, əhalinin sürətlə qocalması və əmək qabiliyyətli əhalinin sayının azalması göstərilir. Buraya, həmçinin ödənişsiz təhsil məsrəfləri də daxil edilib.
Ölkənin müdafiəsinin təmin olunması ilə bağlı xərclərin də 1,8 faiz artdığı və 5,31 trilyon yen (təqribən 48,5 milyard dollar) təşkil etdiyi qeyd olunur.
Əlavə olaraq bildirək ki, Yaponiyanın dövlət büdcəsinin məsrəflər hissəsi artıq ikinci ildir ki, 100 trilyon yeni keçir və bu, nəhəng dövlət borcunun azaldılması ilə bağlı vəzifəni həyata keçirməyə imkan vermir. Hazırda Yaponiyanın dövlət borcu ümumi daxili məhsulun həcmini iki dəfədən çox üstələyir. Bununla yanaşı, gələn maliyyə ilində ötən ilin oktyabrında istehlak vergisinin 8 faizdən 10 faizədək artırılması nəticəsində büdcəyə gəlirlərin artacağı gözlənilir. Büdcə layihəsinə əsasən, onun 63,5 trilyon yen (581 milyard dollar) təşkil edəcəyi bildirilir.