Milli Qəhrəman İqor Kşnyakinin Oğlu Atasının Məzarını Ziyarət Etdi
Cəmiyyət
28-01-2025, 12:00
Milli Qəhrəman İqor Kşnyakinin oğlu Oleq Kşnyakin atasının xatirəsini yad etmək üçün onun məzarını ziyarət edib. Oleq hazırda UTAIR aviaşirkətində mülki aviasiya sahəsində çalışır.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsi Rusiya hərbi qüvvələrinə aid Pantsir-S1 zenit raket kompleksi ilə vurulub. Təyyarə ciddi zədələrlə üzləşsə də, kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetməni itirməyərək, təyyarəni Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau bölgəsinə doğru yönəldə biliblər. Təəssüf ki, qəza enişi zamanı təyyarə yerə çırpılıb.
Bu ağır hadisə nəticəsində 67 nəfərlik sərnişin heyətindən 29 nəfərin həyatı xilas edilib. Ancaq qəhrəman pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bir ekipaj üzvü və 35 sərnişin faciəvi şəkildə həyatını itirib.
İqor Kşnyakin 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub. Prezident İlham Əliyevin sərəncamı ilə qəza zamanı göstərilən böyük qəhrəmanlıq və peşəkarlıq yüksək qiymətləndirilib. Ölümündən sonra İqor Kşnyakin, Aleksandr Kalyaninov və Əliyeva Hökumə Cəlil qızı "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər.