Son günlər aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilə biləcəyi müzakirə olunur. Ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdır. İşəgötürənlərin qanunla müəyyənləşdirilən minimum maaş məbləğindən az əməkhaqqı verməsi qanunsuz hesab edilir. Aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi hansı nəticələri verə bilər?
Axın.az Musavat.com-a istinadən xəbər verir ki, Teleqraf.com-a danış iqtisadçı Akif Nəsirli deyir ki, ölkədə minimum aylıq əməkhaqqı mexanizminin effektivliyinə baxmaq lazımdır:
“Avropa ölkələrində bu təcrübə geniş tətbiq olunur. Ona görə də müqayisəni Avropa ilə apara bilərik. Ancaq biz saatlıq əməkhaqqına keçməzdən əvvəl Azərbaycanda minimum aylıq əməkaqqının məntiqini tapmalıyıq. Daha sonra minimum saatlıq əməkhaqqından danışa bilərik.
Minimum saatlıq və minimum aylıq əməkhaqqı əhalinin az maaş alan təbəqəsini müdafiə etmək üçündür. Bu gün minimum əməkhaqqı 345 manatdır. Saatlıq əməkhaqqı sistemi minimum əməkhaqqı kimi olmamalıdır. Yeni sistemə keçidin iqtisadi məntiqini öyrənmək lazımdır. Mən minimim əməkhaqqından çıxış edərək bunu deyirəm. Minimum əməkhaqqı dünya üzrə qəbul edilmiş göstəricidən xeyli aşağıdır. Orta aylıq əməkhaqqı 1000 manatdır. Minimum əməkhaqqı isə orta aylıq əmək haqqının 33,4 faizidir.
Ölkəmizdə minimum ehtiyac səbəti bir nəfər üçün 287 manatdır. Bir uşağın isə minimum istehlakı 235 manatdır. Əgər 3 nəfərlik gənc ailədə bir nəfər 300-400 manat maaş alırsa, bu ailənin minimum ehtiyacları ödənmir”.
Ekspert deyir ki, Azərbaycanda minmum əməkhaqqı 600 manat olmalıdır:
“Biz Avropa Sosial Xartiyasına qoşulanda öhdəlik götürmüşdük ki, minimum əməkhaqqını 60 faizə çatdıracağıq. Bu hesabla aylıq minimum əməkhaqqı 600 manat olmalıdır. Ölkənin inkişaf strategiyası Avropaya doğru inkişaf kimi təsdiqlənib. Avropada ən yüksək minimum əməkhaqqı Lüksemburqda 1735 avro, aşağı minimum əməkhaqqı isə Bolqarıstandadır. Hazırda 27 ölkəni birləşdirən Avropa İttifaqının 21 üzvü minimum əməkhaqqı sistemi tətbiq edir.
2022-ci il yanvarın 1-nə minimum maaşın ən yüksək məbləği Lüksemburqda qeydə alınıb - 2257 avro. İrlandiyada minimum əməkhaqqı 1775, Niderlandda 1725, Belçikada 1658, Almaniyada 1621, Fransada 1603, İspaniyada 1126, Sloveniyada 1074 avro göstərilir. Minimum aylıq əməkhaqqı ilə də vətəndaşın iqtisadi maraqlarını qoruya bilərik”.
Axın.az