Mayın 22-si saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi yekunlaşır.
Axın.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il ilk dəfə olaraq qeydiyyat prosesi "ASAN Login" sistemi vasitəsilə həyata keçirilir. Müsabiqədə iştirak üçün namizədlər "ASAN Login" əldə etdikdən sonra miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə olmaqla dörd mərhələdən ibarətdir. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 150 dəqiqə vaxt verilir.
2024-25-ci tədris ili üzrə keçirilən iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edən şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı təmin olunmayacaq.