Pərviz Heydərov yazır ...
Dünyada, o cümlədən, ölkəmizdə real olaraq ardıcıl davam etməkdə olan bahalaşma, xüsusən də ərzağın qiymətlərinin yüksəlməsi prosesi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı getdikcə daha çox bir nömrəli vəzifəyə çevririr.
Düzdür, qeyd olunan məsələ hökumətin onsuz da həmişə diqqət mərkəzində olub və əsas prioritetlərindən sayılıb və sayılır. Xüsusən də, son illər ərzində əməkhaqları ilə pensiya və sosial müavinətlər dəfələrlə artırılıb.
2019-cu il bu baxımdan, xüsusilə seçildi və sözün həqiqi mənasında analoqu olmayan il kimi tarixə düşdü. Söhbət, indiyədək olan dövrdən gedir.
Ümumiyyətlə, 2019-cu il ölkəmizdə böyük islahatlar ili olaraq yadda qaldı.
Xatırladım ki, mart və sentyabr aylarında əməkhaqları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan 2 sosial paket icra edildi.
116 manatdan 200 manata qalxdı. Birinci göstərici, ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi.
Paralel olaraq, bütün müavinətlər də yüksəldilməklə yeni müavinət növlərinin tətbiqinə başlandı. Dövlət büdcəsindən maliyyələşən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçilərin aylıq əməkhaqqlar artırıldı.
Sözün qısası, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqı göstəricisi illik 16,6 faizlik artım tempi ilə ilk dəfə olaraq rekord səviyyə əldə etdi.
Bu proses keçən il də davam edəcəkdi, ancaq əfsuslar olsun ki, pandemiya şəraiti buna imkan vermədi. Və hökumətin artımı davam etdirmək üçün nəzərdə tutduğu vəsaitlər kompensasiya tədbirlərinə getdi.
Sözüm bunda deyil.
Cari ildə də hələ artım həyata keçirilməyib. Çünki əvvəla iqtisadiyyat tənəzzüldən may ayından etibarən qurtuldu, ikincisi də ki, bu il üçün vəziyyət, ümumiyyətlə, bir sıra konturlar təxmini olaraq proqnozlaşdırılmışdı.
O səbəbdən ki, qeyri-müəyyənlik davam edirdi və təsadüfi deyil, artıq, ilin başa çatmasına cəmi 3 ay qalsa da “sular hələ də durulmamış” vəziyyətdədir.
Bununla belə, gələn il üçün əhalinin sosial müdafiəsini gücləndirmək və gəlirlərini artırmaq istiqamətində hər halda müəyyən addımlar atmaq fövqəladə vacib hadisə sayılır.
Və hökumətin də buna gedəcəyi aydın sezilir.
Məsələ bundadır ki, buna şərait və imkan da vardır. Belə ki, həm cari ilin dövlət büdcəsinin icrası ilin əvvəlindən bəri profisitlə icra olunur, həm vergi və gömrük rüsumları üzrə yığım artıqlaması ilə yerinə yetirilir, həm də il başlanandan neftin dünya bazar qiymətləri əlverişli vəziyyətdə olub.
Lakin...
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır. Yəni, indiyədək olduğu kimi...
Söhbət nədən gedir, izah edim...
Yuxarıda misal gətirdim ki, 2019-cu il əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan xüsusilə seçildi və sözün həqiqi mənasında, analoqu olmayan il kimi tarixə düşdü.
Nəyə görə?
Çünki həmin ildə ölkədə sayca 300-ə yaxın vergi dəyişiklikləri işə düşdü, büdcəyə yığım proseduru və mexanizmi dəyişdirildi, iqtisadiyyatda, xüsusən onun real sektorunda şəffavlaşma prosesi yeni xüsusiyyət kəsb etdi və buna bir növ yeni tərzdə start verildi, idarəetmədə böyük struktur və kadr islahatları həyata keçirildi.
Və nəticədə, sosial istiqamətdə qeyd etdiyim kimi xərclər iri həcmdə artmaqla yanaşı, ilin yekununa dövlət büdcəsinə vergi və gömrük xəttiylə planlaşdırılandan 1 milyard manat əlavə vəsait daxil oldu.
Büdcə xərclərinin artmasına paralel olaraq gəlirlərliyin bu cür genişlənməsi Azərbaycanda dövlət büdcəsi siyasətində qeyri-adi bir hadisə hesab olundu.
Yeri gəlmişkən, bu proses keçən il də davam etdi. Pandemiya şəraitinə baxmayaraq... Sözügedən tendensiya bu il də müşahidə edilməkdədir.
Bu isə sosial xərcləri maliyyələşdirmək üçün əlavə imkan deməkdir. Ümumiyyətlə, büdcəyə nəzərdə tutulandan artıq gəlirlərin daxil olması əhalinin sosial və iqtisadi cəhətdən müdafiəsini daha da yaxşılaşdırmaq üçün əvəzolunmaz mənbədir.
Demək istədiyim budur ki, islahatların dərinləşməsi və bir az da genişlənməsi vacib sayılır. Ona görə ki, əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik xüsusən yüksək səviyyədə təşkil etməli, üstəlik hər iki amil daima keyfiyyətli dinamika üzrə inkişaf nümayiş etdirməlidir.
Yeri gəlmişkən, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda qeyd edilib ki, 2022-2025-ci illər ərzində dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarını, yəni müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərcləri maliyyələşdirməyə, eləcə də iqtisadi artımın davamlılığını təmin etməyə yönəldiləcək.
Və üstəlik qeyd olunur ki, orta perespektivdə xərclərin proqnozlaşdırılması zamanı əsas götürülən amillər sırasında əmək haqlarının artırılması əmək məhsuldarlığı ilə uzlaşdırmaqla həyata keçiriləcək.
Sözsüz ki, qarşıya qoyulan məqsəd və hədəf elədir ki, ona çatmaq üçün büdcəyə proqnozlaşdırılan gəlirlər, o cümlədən, qeyri-neft sektorundan vergilər artıqlaması ilə təmin edilməli və iqtisadi artım dayanıqlı xüsusiyyət kəsb etməlidir.
Buna isə iqtisadiyyatda şəffaflığı artırmadan, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirmədən, açıq rəqabət mühitini təşkil etmədən nail olmaq əsla mümkün deyil.
Bu məsələlərin həlli isə islahatları davam etdirməkdən keçir.
Başqa sözlə desəm, büdcə və vergi siyasəti durmadan təkmilləşdirilməklə, struktur islahatları, kadir dəyişiklikləri və digər tədbirlər kölgə iqtisadiyyatını minimum səviyyəyə endirməlidir.