Kubra Məhərrəmova yazır...
Biz, 80-lərin uşaqları gözüqıpıq, başıqapazlı böyüdük. “Perestroyka”, Sovetin dağılması, pulların “knijka”larda batması, aclıq, səfalət, 20 yanvar, 90-cı illərin Qarabağ müharibəsi, minlərlə şəhid, itirilmiş torpaqlar, köçkünlər, çörək növbəsi, zülmət qaranlıq və s. hamısını gördük. Cəmiyyət də elə bil bütün bunların heyifini biz uşaqlardan çıxırdı. Biz yazıq uşaqlar da iki əlifba dəyişdik, kirili latına. Sonra isə latın əlifbasıyla kitablar tapılmadı, zülmlə dərs oxuduq. Üç şagirdə bir kitab, növbə ilə evə aparıb tapşırıq edirdik.
Ən böyük hədiyyəmiz isə “turbo” saqqızla, türk müğənnilərinin “nakleyka” şəkilləri idi. Əyin başımız, yeyib-içməyimiz də... Valideynlərimiz min əziyyətlə birini tapırdı, beşini yox. Nə isə... İstər evdə, istərsə də məktəbdə israrla “səsin çıxmasın”, “böyüyə söz qaytarma”, “o böyükdür, sən danışma” kimi qaxaclar eşidirdik. Bu tərbiyə ki var, sirkdə təlim kimi bir şeydir. 100 dəfə eyni sözü deyəndən sonra istər-istəməz adam tabe olur.
O ki, qala bizim kimi 80-nin uşaqları. Fağır, dilsiz-ağızsız. İndi dediyim odur ki, bizi gözüqıpıqlı elə bizim böyüklər böyüdüb. Bu gün də gözümüz açılıb, görürük ki, bu “böyüklər” heç də fərli-başlı adam deyillər. Bizi dünyanın bütün günahlarında ittiham edib özləri xalqın malını da oğurlayıblar, özləri üçün gün də ağlayıblar. Üstəgəl hərəsinə də 5-6 katibə “saxlayıb”lar. Amma bizə namus qeyrətdən, təmiz ailə dəyərlərindən və s. dəm vurublar. Oğlan qızın əlindən tutmaz, qız oğlana baxmaz və daha nələr-nələr. Qızla oğlanın dostluğu olmaz və s.
Dünəndən “möhtəşəm perfomansı” ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov gündəmi zəbt edib. Dayının 67 yaşı var. Özü də dediyi kimi iclasda telefonla oynayır. İndi gedib bu dayıya desək ki, bəs azad eşq, saf sevgi-məhəbbət və s. deyəcək ki, ayıbdır, tərbiyəsizlik etməyin. Siz cəmiyyətimizdə anti-Azərbaycan dəyərlərini yayır, ailə institutumuzu korlayır, gənclərin əxlaqını pozursunuz. Biz də dayını alqışlayıb, onun cəmiyyət üçün gördüyü müstəsna işlər üçün təşəkkür edəcəyik. Bu videonu kim çəkibsə, sağ olsun. Bizim qıpıq gözümüzü açdı və bizim küt beynimizə siqnal göndərdi ki, belə “dayılardan” cəmiyyət olaraq canımızı qurtarmalıyıq.
Ağızlarını açan kimi, xırp sözlərini kəsməliyik.
Özü də diqqət edin, bu birinci hal deyil. Əvvəl Mirələmov “qızım” deyib kamera qarşısında katibəsinə “sığal” çəkdi, indi də Göyüşov. Düzdür bu dəfə bir sığalla iş bitmədi.
Yayılan videodan sonra Göyüşov iddia edir ki, videonu yayan şəxslər onun ictimai-siyasi nüfuzuna kölgə salmağa çalışır. Sual yaranır? Bəyəm, “hər şey” ortada deyil ki? Yoxsa millət kordur, görmür? Göyüşovun axı indi telefon oynadan vaxtı deyil. Özü də iclasda, kabinetdə, iş yerində. Göyüşovun indi nəvə-nəticəsi ilə yüksək amallar barədə danışan vaxtıdır. Cavan nəslə ağıl öyrətmək vaxtıdır. Amma görünən odur ki, bu yüksək texnologiyalar “dayday”ların ağlını başından alıb. Gecə-gündüz əllərində telefon, cürbəcür videolara baxırlar. Axırda da özlərinin videosu üzə çıxır.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev məlumat yayıb. Elməddin Quliyev bildirib ki, Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq. Əla, partiyadan xaric eləmək asandır, bəs cəmiyyətdən necə xaric edək? Axı belə “dayı”lar çoxdur. Hamısı da kostyum qalstukla gəzir, gənc nəslə ağıl verir. Özünə qarşı hörmət tələb edir. Ağsaqqallıq edir.
Bu “ağsaqqal”lardan necə qurtaraq canımızı? Hamısına bir-bir video çəkməyə nə vaxt qalar, nə də ömür-gün yetər. Amma bunlar ömrümüzü yedi qurtardı. Qonşunun qızına-gəlininə “mız”qoyan, “namus-qeyrət”dən dərs keçən, məhəllədə “şort” davasına çıxan bu “daydaylar”ı heç COVID-19 da tutmur. Canları bərkdir. Canı bərk olanlardan biri də “kərbalayı” Yadulla İsmayılovdur. Yəqin özünü “kərbalayı” adlandırması onun hansısa dini fəaliyyətlə əlaqadə olmasından qaynaqlanır. Yenə də özü bilər, allahı bilər. Düzdür onun heç bir ictimai-nüfuzu yoxdur. Lakin videoda göstərdiyi performansda Göyüşovu kölgədə qoyub. Dayı o qədər həvəsə gəlib ki, kamera qarşısında anadan gəlmə soyunub. Bütün “bacarığı”nı qoyub ortaya. İndi dayıdan açıqlama alsaq, deyəcək ki, mənim ümumiyyətlə telefonum yoxdur. Köhnə “Nokia” işlədirəm. Amma bu “dayılar” bütün günü sosial şəbəkədə onun-bunun qızına “dayı sənə qurban olar, nə gözəl balasan belə” yazırlar. Skrinlər də doludur. İndi bu qoca dayılara məsləhət: Madam ki, telefonunuza sahib çıxa bilmirsiniz, sizə elə köhnə, “knopkalı” telefon lazımdır. Şəhər telefonu olsa, lap əla olar. Naqilli.