“Biz hər matç üçün 2 min Uels millisinin fanatının bura gələcəyini gözləyirik. Artıq bu barədə Uels Futbol Assosiasiyası və UEFA-dan müraciətlər əldə etmişik”.
Axın.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, Böyük Britaniyanın Bakıya ezam olunmuş telejurnalistinə verdiyi müsahibəsində Uels fanatlarının buradakı istirahətindən və bu ölkənin futbol yığmasının paytaxtımıza nə vaxt gələcəyini açıqlayıb:
“Düşünürəm ki, buradakı bütün azarkeşlər futboldan və Bakı Olimpiya Stadonundan, həmçinin şəhərimizdən zövq alacaqlar. Uelsli tərəfdarlar pablarda, restoranlarda pivə içə, rahat istirahət edə, ölkəmizdəki əla havadan həzz ala və çimmək üçün yaxınlıqdakı Xəzər dənizinə gedə bilərlər. Onlar Bakıda yaxşı vaxt keçirəcək.
Uels yığması Bakıya gələcək ilk komanda olacaq. İyunun 7-də artıq burada olacaqlar və uzun müddət qalacaqlar. Bu da milli komanda və azarkeşlər üçün yaxşı təcrübə olacaq”.
O, Türkiyə yığmasının da Bakıda oynaması haqqında fikirlərini açıqlayıb:
“Uels millisinin Türkiyə ilə buradakı oyunu çox çətin olacaq. Çünki Türkiyə yığması burada özünü evindəki kimi hiss edəcək. Onların çoxlu fanatlarının gələcəyini gözləyirik. Çünki Türkiyədən Azərbaycana hər gün birbaşa uçuşlar var. Hətta əminəm ki, bu uçuşların sayı artırılacaq. Hər matçda təxminən 20 min türk azarkeşin Bakıya gələcəyini gözləyirik.
Stadionun 50 faizi dolu olacaq. Düşünürəm ki, bu da yaxşı atmosfer yaratmağa imkan verəcək. Pandemiyaya baxmayaraq, Bakıda əla futbol festivalı təşkil etmək istəyirik. Digər ev sahibi təşkilatçıları da bunun üçün çalışır. Avropanın 11 şəhərində bir ay ərzində əla futbol ab-havası olacaq”.
E.Məmmədov pandemiya dövründəki çətinliklər və Vətən müharibəsi barədə də danışıb:
“Bu il bütün dünya üçün ağır oldu. Çünki pandemiya hər yerdə çətinliklər yaradırdı. Həyat yavaş-yavaş öz axarına qayıdır. Bizim üçün digər tərəfdən də vacib il oldu. Çünki ədalət öz yerini tapdı. Torpaqlarımız nəhayət işğaldan azad edildi. Bölgəyə artıq sülh gəldi. Yeri gəlmişkən, mən işğaldan azad olunmuş Ağdam şəhərinə baş çəkmişəm. Bu şəhər “Qarabağ” futbol klubunun doğma şəhəri sayılır və komanda 1980-1990-cı illərdə oyunlarını burada keçirib. Təəssüf ki, oradakı stadion son 30 ildə dağıdılmışdı. Stadiondan əsər-əlamət qalmamışdı. Dövlət artıq elan edib ki, orada yeni stadion inşa olunacaq. İndi Ağdamda yerli və beynəlxalq oyunların keçirilməsini böyük səbirsizliklə gözləyirik.
Biz çox nikbin hisslər yaşayırıq. Bildiyiniz kimi, Bakıda “Formula-1” yarışı da keçiriləcək. Ondan sonra isə Avropanın ən möhtəşəm futbol turniri sayılan qitə çempionatına ev sahibliyi edəcəyik”.
Xatırladaq ki, 12, 16 və 20 iyunda AVRO-2020-nin A qrupunun üç oyunu və 3 iyulda 1/4 final mərhələsinin bir matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi Musayev