Dünəndən Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Oruc tutanlar arasında müxtəlif peşə sahibləri var. Sosial şəbəkələrdə vəzifəsindən asılı olmayaraq əksəriyyətin xoş diləklər səsləndirdiyini görürük. Hətta həmin şəxslər arasında adı pis işlərdə, rüşvətdə, korrupsiyada hallananlarla da rastlaşırıq.
Mövzu barədə Yenisabah.az-a danışan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, rüşvət və korrupsiya ilə məşğul olan şəxslər əgər həqiqətən də, bir ay pis əməllərindən çəkinib ibadət edirlərsə, Allahın tələblərindən birini zərrə qədər də olsa, icra etmiş sayılırlar:
“Oruc tutur, rüşvətə qarışmır, ev yıxmırlarsa, deməli, günahlarını yumağa çalışırlar. Allah deyir ki, bu ay şeytan zəncirlənir. Lap yaxşı, mən isə 25-30 ildir deyirəm ki, dünyanın hər yerində bir ay ərzində şeytan zəncirlənir, ancaq Azərbaycanda əksinə, onun buxovları açılır və daha yaxşı tüğyan edir. Bütün hallarda rüşvət də, korrupsiya da olmamalıdır. Əgər olursa və bununla məşğul olan şəxs Ramazanda gəlib oruc tutursa, məsələni Allah və həmin şəxsin özü bilər, 11 ayda etdiklərinin hesabını necə verəcəyini biz deyə bilmərik. İslamda o məsələ ilə bağlı kimsə nə fətva verə, nə söz deyə bilər. Xristianlıqda isə məsələ başqa cürdür. Məsələn, kimsə günahını keşiş ataya deyir, o da həmin şəxsin əvəzinə dua edir və inanclarına görə, Allah da günahkar şəxsi bağışlayır. Amma bizim dinimizdə belə deyil”.
Həmsöhbətimiz vurğulayıb ki, 11 ay pis əməllərlə məşğul olan şəxsin oruc tutaraq tamamilə günahlardan təmizlənməsi məntiqə uyğun deyil:
“Guya adam oruc tutmaqla 11 ayın günahını yuyur, ancaq elə bir şey yoxdur. Bu, nə məntiqə, nə dinə, nə də elmə uyğundur. Amma heç olmasa, 365 günün 30 gününü eşy-işrətdən uzaq olurlarsa, bu hardasa normaldır. Kaş ki, bütün ömrü boyu insanlar xeyirxah olsunlar. Allahın bəndəsi olduqlarını unutmasınlar”.