AMEA-da Prezident Sərəncamı niyə icra olunmayıb? - Professor ciddi faktları AÇIQLADI

Cəmiyyət
8 Nis 2021
18:45



Son illər ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun tarixi-mədəni irsin qorunmasına, tədqiqinə və təbliğinə nə dərəcədə önəm verdiyi göz qabağındadır. Bu məqsədlə cənab Prezidentin xüsusi sərəncamları ilə dəfələrlə Arxeologiya və Etnoqrafiya İnstitutuna vəsaitlər ayrılması, bir-birinin ardınca yeni-yeni tarix və mədəniyyət qoruqlarının yaradılması, dövlət başçısının özünün şəxsən arxeoloji tədqiqatlar aparılmaqda olan abidələrdə olması və tarix-diyarşünaslıq muzeylərinin açılışında iştirak etməsi buna əyani sübutdur. Hesab edirik ki, cənab Prezidentin ayrı-ayrı vaxtlarda Göytəpə arxeoloji kompleksində, qədim Qəbələ şəhər yerində, Pir Ömər Sultan ziyarətgahında olması, lap bu yaxınlarda isə ailə üzvləri ilə birlikdə Azıx mağara düşərgəsini ziyarət etməsi əslində digər yüksək çinli dövlət məmurları üçün də bir örnək olmalıdır.

Amma Göytəpə arxeoloji kompleksi ətrafında baş verənlər hələ də bu sahədə ciddi problemlərin, ətalət, biganəlik və məsuliyyətsizlik hallarının olduğundan xəbər verir. Xatırladaq ki, Tovuz rayonu ərazisindəki Neolit dövrünə aid Göytəpə abidəsi 2008-ci ildən başlayaraq tədqiq olunur. Hansı ki, bu tədqiqarlarda Azərbaycan alimləri ilə yanaşı Fransa və Yaponiya alimləri də iştirak edir. 2011-ci ildə Elmin İnkişafı fondu tərəfindən Göytəpə abidəsi və onun ətrafında açıq səma altında arxeopark yaradılmasını nəzərdə tutan layihə üçün 180000 manat qrant ayrılıb.

12 aprel 2012-ci il tarixdə cənab Prezident Tovuz rayonuna səfəri çərçivəsində Göytəpə abidəsində də olmuş, 18 aprel 2012-ci il tarixdə isə “Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında” xüsusi sərəncam imzalamışdır. Sərəncama əsasən arxeoparkın yaradılması ilə bağlı layihələndirmə və tikinti işlərinin aparılması üçün AMEA-ya ilkin olaraq 300000 (üç yüz min) manat ayrılıb. O vaxtdan 9 il keçir. Cənubi Qafqazın nadir Neolit abidəsi olan Göytəpə arxeoloji kompleksində arxeoloqların üzə çıxardığı qalıqlar təbii təsirlər nəticəsində məhv olub getməkdədir. Arxeoparkın yaradılması istiqamətində isə bu günədək demək olar ki, heç bir iş görülməmişdir. Xatırladaq ki, ötən illər ərzində Göytəpə abidəsinin arxeoloji cəhətdən tədqiqinə AMEA-nın büdcəsindən və xarici donorlardan da xeyli vəsait ayrılmışdır. Sual olunur, dövlət daha nə etməli idi?!

Yəni, bu dərəcədə də məsuliyyətsizlik olar?! Sözsüz ki, bu məsuliyyətizislikdən AMEA ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Nazirlər Kabineti və hətta Prezident Administrasiyasının aidiyyəti şöbələrinə də pay düşür. Əcəba, Prezident sərəncamının 9 il ərzində icrasız qalmasına onlar niyə göz yumublar?!
Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist //konkret.az//