Bu gün bir sıra avtobus sürücüləri Bakı Nəqliyyat Agentliyinin (BNA) qarşısında etiraz aksiyası keçirib. Onlar artıq bir neçə aydır ki, əmək haqqlarını ala bilmədiklərini və idarə etdikləri sərnişin daşıma avtobuslarına qoyulan gündəlik yığımın (planın) yüksək olduğundan işləyə bilmədiklərini deyiblər.
Bu məsələ ilə əlaqəli olaraq BNA Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Redaktor.az-a açıqlama verib. O bildirib ki, sürücülərin narazışılığı BNA-dan deyil daşıyıcı ilə bağlıdır:
““BMH” MMC-nin müvəqqəti istismarında olan 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücü Bakı Nəqliyyat Agentliyinə müraciət edərək daşıyıcı tərəfindən gündəlik yığımın (planın) məbləğinin artırıldığını, əmək haqlarının verilmədiyini bildiriblər. Sürücülərin müraciətləri dinlənilib. İstər gündəlik yığımın məbləği, istərsə də əmək münasibətlərinə dair məsələlər Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid olmadığından sürücülərə müvafiq dövlət qurumuna müraciət etmələri tövsiyə edilib.
Həmçinin, “BMH” MMC-nin direktoru Bəxşəli Mirzəyev Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Sürücüləri narahat edən məsələlərin həll edilməsi, 140 nömrəli marşrut xətti üzrə sərnişindaşımaların qanunvericiliklə müəyyən edilən norma və standartlara uyğun təşkil olunmasına dair tapşırıqlar verilib”.
Mais Ağayev bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə inteqrasiyanın vacibliyini qeyd edib:
“Aparılan müşahidələr və təcrübə də onu göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Nağdsız ödəniş sistemi sayəsində eyni zamanda dövriyyənin şəffaflaşdırılması və vergi ödəmələrinin artırılması da təmin edilir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
Bu səbəbdən də sərnişindaşımalarda nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 52 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Nəticədə sərnişindaşımanın ümumi dövriyyəsinin 33%-i şəffaflaşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq”.