“Azərbaycanda koronavirus infeksiyası (COVID-19) ilə bağlı gündəlik dinamikaya və statistikaya nəzər yetirsək, görərik ki, artıq bir neçə gündür ki, yoluxma sayının artımı müşahidə olunur. Bu, bizim üçün həyəcanverici siqnaldır”.
Bu barədə “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib. Onun sözlərinə görə, insanların bir-biri ilə kontaktı artdıqca, karantin tədbirləri yumşaldıqca, qoruma tədbirləri və digər məsələlərdə bir qədər rahatlanmalara yol verilir. Bunun da nəticəsində yoluxma sayında artım yaranır ki, bu artım sonrakı statistikada daha da yüksəlmələrə gətirib çıxara bilər:
“Bu baxımdan, insanların qoruma tədbirlərinə diqqət yetirməsi, xüsusən də vaksinasiya strategiyasına uyğun olan şəxslərin prosesdə iştirak etməsinin önəmi, vacibliyi bir daha vurğulanmalıdır. Çünki nəzərə almalıyıq ki, qarşıdan bayram günləri gəlir. Xüsusən, Novruz bayramı ilə əlaqədar olaraq insanların təmasının daha da artması, müxtəlif ailə tədbirlərində iştirak, digər bölgələrə səfərlər və sair - bunlar yoluxma sayının daha da artmasına gətirib çıxara bilər. Ona görə də hər kəs diqqətli olmalıdır. Çünki dekabr ayının əvvəlində və ondan öncəki - sərt karantin rejimi tətbiq olunmamışdan əvvəlki vaxtlarda yoluxma sayının bu cür artması son nəticədə karantin tədbirlərinin sərtləşdirilməsi kimi məcburi addımların atılmasına gətirib çıxardı”.
M. Məmmədli vurğulayıb ki, hər birimiz çox diqqətli olmalı, yoluxma sayında azalmaya kömək etməliyik: “Bunun üçün sadə üzqoruyucu maskadan istifadə etmək və strategiyaya uyğun olaraq, vaksinasiya prosesində aktiv şəkildə iştirak vacibdir. Bu addımları atsaq, artım dinamikası nəzarətdə qalsa, tədricən normal həyatımıza dönə bilərik. Lakin digər ölkələrdə, o cümlədən, Avropa ölkələrində dinamikaya diqqət etsək, orada məhdudiyyətlərin tətbiqinin gündəmdə olmasının şahidi olarıq. Bu da bizim üçün həyəcanverici siqnaldır. Son nəticədə sərtləşdirilmə tədbirlərinin görülməsinə gətirib çıxara bilər”.