"Bir ay əvvəl AMEA-nın Dilçilik İnstitutunda “Qaynar xətt”in fəaliyyətinin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə feysbukda yazdığım statusun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma PROBLEMİ HƏLL ETMƏDİ".
Bunu professor Qulu Məhərrəmli bildirib.
Professor qeyd edib ki, mövzunun həssaslığını anlayan Dilçilik İnstitutu ötən ilin dekabrından fəaliyyəti dayandırılmış (dediklərinə görə, pandemiya səbəbindən!?) xəttin şəhər nömrəsini (5380637) tez-tələsik əlaqə telefonu kimi işə salıb: "Amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyiblər. Sadəcə, bir adam ayırıblar ki, iş saatlarında dədə-baba qaydası ilə zənglərə cavab versin. Lakin saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir. Daha bunun nəyi “qaynar xətt” oldu? Bu bacarıqsızlıqları bir yana qalsın, hələ AMEA ictimaiyyətə YANLIŞ MƏLUMAT da verir. İki gün əvvəl qurumun saytı Dilçilik institutna istinadən belə bir məlumat yayıb ki, “qaynar xəttin fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Adamı heyrət bürüyür ki, ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan “qaynar xətt” anlayışından xəbərsizdirlər, ya da Ana dilinə gerçək münasibətləri elə budur".