Baş prokurorluq Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun yenidən istintaqa çağrılması ilə bağlı məsələyə münasibət bildirib.
KONKRET.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən unikal.org-un sorğusuna cavab olaraq bildirilib:
“Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Abbasov Müşfiq Elman oğlu 11 sentyabr 2017-ci ildə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarindan xaric olunub. Bununla yanaşı, M.Abbasov Bakı şəhəri, Səbail rayon məhkəməsinin 06.12.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 309.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilmişdir.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi isə onun törətdiyi yeni cinayət faktları ilə bağlıdır”.