“Adamlar düşünür ki, qız uşağım dünyaya gəlsə, problemlərim olacaq...”

Cəmiyyət
23 Şub 2021
13:54


Xəbər verdiyimiz kimi əməkdaşımız cənub bölgəsində səfəri zamanı bir çox məsələlərlə maraqlanıb. Sakinlərlə söhbəti zamanı onlar bildiriblər ki, bu gün bölgələrdə oğlanlar ailə qurmaq üçün qız tapmaqda çətinlik çəkirlər. Elə qohum-əqrəbada olan qızlar da qohumları ilə əlaqə qurur. Xüsusən 29-30 yaşlı oğlanlar ailə qurmaq üçün qız tapa bilmirlər.

Moderator.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, bunun bir neçə səbəbi var:

“Ümumi olaraq biz hamımız buna görə mübarizə aparırıq. Bütün bunlar evlənmək, nəsil artırma, qadınların cəmiyyətdə rolu baxımından öz təsirini göstərir. Bir də baxacağıq ki, artıq oğlanlarımız əcnəbilərlə evlənməyə başlayıblar. Bu isə genetik kodu dəyişir. Bir çoxları hesab edir ki, bu yaxşıdır, qan təzələnir, amma ümumi götürəndə bunun həm müsbət, həm də mənfi tərəfi var. Bir də insanlarımız ənənəvi olaraq öz ərazilərindən deyil, başqa bölgələrimizdən evlənməli olacaqlar. Bu isə yaxşıdır, dəyişiklik olur. Son baş verən intihar hadisəsində özünüz də şahidi oldunuz qızın atası dedi ki, “buraxaydım o, çöl qızı olaydı?”. Əslində selektif abortun kökündə də bu dayanır. Qız uşağının dünyaya gətirilməsi, onun yükü, məsuliyyəti və onunla bağlı stereotiplər o qədər köhnəyə qayıdıb ki. Ümumi müzakirələrdə qız və əxlaqsız məsələsi müzakirə olunur. Yəni başqa bir fikir yoxdur. Qadının cəmiyyətdəki rolu, şəxsiyyəti, yeri və ağırlığı ilə heç kim maraqlanmır. Hamı fikirləşir ki, mən bu məsuliyyəti çəkə biləcəmmi? Bu gün qadını öldürmək namus məsələsinə çevrilib və onu ana bətnində öldürmək də onun bir qoludur. Bizdə düşünürlər ki, qız uşağı dünyaya gəlsə problemlər olacaq və bir növ Allahlıq edib dünyaya gəlməyən uşağın qərarını qəbul edirlər”.