“Qeyri-formal məşğulluğun aradan qaldırılması, vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərini təmin etmək üçün Əmək Məcəlləsində, Mülki və Vergi məhəllələrində dəyişiklikləri vacib sayıram və səs verəcəm”.
Bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev söyləyib. Deputat bildirib ki, bu problem, məcburi tibbi sığorta haqlarının ödənilməsində, iş stajının və nəticədə pensiyaların hesablanmasında çətinlik yaradır: “Mənə belə gəlir ki, iş adamlarının qeyri-rəsmi və dırnaq arasında “bəxşiş” ödənişləri çox olur deyə onlar da xərclərini yazıq fəhlə-fühlənin canından çıxarır. Bəzən o yazıqlar 8 saat əvəzinə 10-12, bəzən isə 13-14 saat işləmək məcburiyyətində qalır. Onlara nə yemək, nə çay, nə də istirahət verilir, soyuqdan qorunma və ya istidən sərinləmək imkanları da yoxdur. Vacib olan insana verilən dəyərdir və ümid edirəm ki, biz qanunları həm qəbul edəcək, həm də icrası məsələsini daima gündəmdə saxlayacağıq. İş adamlarının qeyri-rəsmi ödənişlərini dayandırmaq və əli qabarlı təbəqənin hüquqlarını bərpa etmək və onlara daha normal, adekvat iş şəraiti qurmaq lazımdır. İnsan ləyaqətlə yaşamalıdır və bu münasibətləri qurmaq və qorumaq birmənalı olaraq hökumətin məsuliyyətidir”.