Toylar 50-60 nəfər qonaqla necə keçiriləcək - AÇIQLAMA

Cəmiyyət
22 Şub 2021
17:47



Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunsa da, toylarla bağlı qadağa qalmaqdadır. Sosial şəbəkədə isə toylara qoyulan qadağaların martın 15-dən aradan götürələcəyi, hətta 60-70 nəfərlik məclislərə icazə veriləcəyi barədə iddialar səsləndirilir.

Bəs, 50-70 nəfər qonağın iştirak etdiyi toylar şadlıq evləri üçün rentabelli olacaqmı? Buna gediləcəkmi?

“İmperial” restoranından Musavat.com-a bildirilib ki, toy sahibləri az sayda qonaqla toy etməyə razılaşmayacaq:

“Gah deyirlər toylara martın 15-dən icazə verəcəklər, gah deyirlər ki, aprelin 1-dən toylar olacaq. Hər gün toy sahibləri zəng edir. Bir ildir ancaq toy vaxtı dəyişirik. 5-6 aylıq toy cədvəli artıq yazılıb. 60-70 nəfərlik toylara gəldikdə isə bu, əlbəttə ki, restoranlara sərf etməyəcək. Düşünürəm ki, toy sahibləri də buna razı olmayacaqlar. Bu qədər vaxtı gözləyənlər yenə də gözləyəcəklər”.

“Gilavar” restoranının administratoru bildirib ki, dövlət nə qərar versə, ona uyğunlaşacaqlar:

“Bir ildir toy yoxdur. Hələ də müştərilər zəng edib, toy danışır, vaxt dəyişirlər. Amma biz dövlətin qərarını gözləyirik. Desələr 50 nəfərlə toy edilsin, razılaşacağıq”.

Bəs, müğənnilər, musiqiçilər bu qıvraq formatdakı toyların qiymətini necə müəyyənləşdirəcəklər? 300-500 nəfərlik toy qiyməti ilə 50-70 nəfərlik toyu oxumağın qiyməti eynimi olacaq?

Müğənni Vüqar Muradov bildirib ki, sənətçilər xalqı düşünməlidir:

“Biz xalqı, toy sahibini başa düşməliyik. Əvvəl 300 nəfər qonağı gəlirdi və bütün xərclərini qarşılaya bilirdi. Bu gün o xərcləri qarşılaya bilmir. Əvvəl 5000-ə toya gedirdimsə, indi 2500 manata razılaşacam. Ümumi vəziyyət yaxşı deyil. Gərək bir-birimizi başa düşək. Təki dünyanın, insanların vəziyyəti düzəlsin. Biz də lap 10 minə toya gedək. Amma hazırkı vəziyyət yaxşı deyil. Toyların olmamasındansa, az sayda insanla toyun edilməsi yaxşıdır. Az da olsa insanlar qazanc əldə edəcək. Məncə, əla təklifdir”.

Klarnet ifaçısı Hüseyn Məmmədoğlu bildirib ki, musiqiçilər maddi sıxıntı yaşadığı üçün qonaq sayından asılı olmayaraq toylara gedəcəklər:

“Son zamanlar bütün restoranlar, kafelər doludur. Şübhəli məsələdir. Restoranlar bu qədər doludursa, toylara niyə icazə yoxdur? Restoranlar doludursa, 60-70 nəfərlik toylar da olsun. Musiqiçilər qazanc əldə etsinlər. Musiqiçilər acınacaqlı vəziyyətdə yaşayırlar. Çoxu sənəti atıb, başqa sahədə çalışır. Söhbət məşhur müğənnilərdən getmir. Musiqi aləti ifa edən musiqiçilərdən gedir. Birinə zəng edirəm ki, efirə çıxaq, deyir musiqi alətimi satmışam. Bu adama pis təsir etməz? O birinə zəng etmişəm deyir ki, usta işləməkdən əlim yara olub. Bu vəziyyətdə ifa edə bilmərəm. 60-70 nəfərlik toylar da olsa, razıyıq. Əlbəttə ki, toy sahiblərinə endirim olacaq. İnsanlar pandemiyadan çıxıb, hər şeyi başa düşürük”.
Musavat.com