Ekspert tələbələrin təhsil haqqı problemindən danışdı: İndi vəziyyət daha acınacaqlıdır

Cəmiyyət
20 Oca 2021
15:40





“11 yanvardan ali və orta təhsil müəssisələrində imtahan sessiyası başlayıb. İmtahanlar mövcud şərait daxilində yaxşı təşkil olunub. Amma problem hal-hazırda təhsil haqqı ilə bağlıdır”.

Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O, işsizliklə əlaqədar ödənilməyən təhsil haqlarından söz açıb:

“Bilirik ki, pandemiya səbəbindən çox sayda insan iş yerini itirib, gəlirləri ciddi şəkildə aşağı düşüb. Lakin bu şəxslərin ailə üzvləri təhsi alır. Düzdür, Cənab Prezident sosial həssas ailə kateqoriyasına aid olanların təhsil haqqını ödəmək üçün 40 milyon manat vəsait ayırmışdı və bu vəsaitdən 20 minə yaxın tələbənin 2020-ci ilin II (yaz) semestr və I (payız) semestrin təhsil haqları ödəndi. Bu kateqoriyaya aid olmayanlar isə kənarda qaldı.

İndi vəziyyət daha acınacaqlıdır. Belə ki, ali və orta təhsil müəssisələri tələbələrdən təhsil haqlarını ödəməyi tələb edirlər, əks halda onları semester imtahanına buraxmayacaqlarını bildirirlər.

Xüsusilə Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universitetindən bu tipli çoxsaylı şikayətlər daxil olur ki, tələbə təhsil haqqını tam şəkildə ödəməsə, imtahanlara buraxılmır. Bəli, universitetlər təhsil haqqını tələb etməkdə hüquqi olaraq haqlıdırlar, amma mövcud vəziyyəti nəzərə almaq lazımdır. Hörmətli rektorlar, prorektorlar, dekanlar, vallah, insanlar bu pulu ödəyəcəklər, indiyə qədər ödədiklərini görmüsünüz axı. Ancaq indi iş yerlərini, gəlirini itirənlər var. Anlayış göstərin. O tələbələri imtahana buraxın”.