15 iyun 2020-ci il tarixində Axin.az xəbər portalında "Kontakt Home"un zəmanəti heç bir işə yaramır" - REBRENDİNQ BELƏ KÖMƏK ETMƏDİ” başlığı altında xəbər yayımlanmışdır.
“Kontakt Home” mağazalar şəbəkəsinin sahibi “ABC Telecom” MMC tərəfindən bildirilir ki, sözügedən xəbər qərəzli şəkildə yazılıb, belə xəbərlər cəmiyyət içərisində çaşqınlıq yaradır və şirkətin işgüzar nüfuzuna mənfi təsir edə bilər.
Məqalə müəllifi başlıqda hər hansı əsaslanma olmadan və araşdırma etmədən "Kontakt Home" tərəfindən təqdim olunan zəmanətin heç bir işə yaramadığını bildirmiş və bununla oxucularda şəbəkənin fəaliyyəti haqqında məqsədli şəkildə yanlış fikir formalaşdırmağa çalışmışdır.
Daha sonra müəllif Fuad Hüseynov adlı “Facebook” istifadəçisinin “Kontakt Home” müştərisi olub-olmadığını, yaxud narazılığının əsaslı olub-olmadığını araşdırmadan birtərəfli qaydada onun yazısını saytda dərc etmişdir. Bu tip yazılar isə oxucularda “Kontakt Home” mağazalar şəbəkəsi barədə mənfi rəy yarada bilər.
Öz növbəmizdə qeyd etmək istərdik ki, Fuad bəyin özü deyil, ailə üzvü adına şəbəkəmizdən mobil telefon alınmışdır. Müştəri alış tarixindən 8 ay sonra telefonda müşahidə olunan nasazlıqla bağlı rəsmi servis mərkəzinə müraciət etmişdir. Servisə qəbul zamanı müştəriyə məhsulda əyriliyin və çoxsaylı cızıqların olması barədə məlumat verilmiş, hətta, servisə qəbul sənədində də bu hal əksini tapmış, daha sonra ekspertiza zamanı da məhsulda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlığın – mexaniki zərbənin olması təsdiq olunmuşdur. Odur ki, müştərinin servisdə cihazın əzilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir. Zəmanət şərtlərinə görə, istehlakçı tərəfindən məhsulun istismar qaydaları pozulduğu halda, istehsalçı tərəfindən verilən zəmanət ləğv edilir. Buna görə də, məhsulun qaytarılması mümkün olmamışdır.”
“Axin.az” xəbər portalının açıqlaması:
Göründüyü kimi, “Kontakt Home"un zəmanəti heç bir işə yaramır" - REBRENDİNQ BELƏ KÖMƏK ETMƏDİ” başlıqlı məqalə hazırlanan zaman jurnalist tərəfindən daha da dərindən araşdırma aparıla, “ABC Telecom” MMC-nin, ekspertlərin və alıcıların mövqeləri öyrənilə bilərdi.
Bunları nəzərə alaraq, Axin.az xəbər portalının rəhbərliyi, “ABC-Telecom” MMC və ona məxsus “Kontakt Home” mağazalar şəbəkəsi haqqında yayımlanmış 15 iyun 2020-ci il tarixli xəbərin cəmiyyət arasında çaşqınlıq yaratdığına, eyni zamanda belə xəbərin şirkətin işgüzar nüfuzuna mənfi təsir edə biləcəyinə görə, “ABC-Telecom” MMC-dən rəsmi qaydada üzr istəyir.