Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir... - AĞDAMDAN ŞİKAYƏT



44 günlük Vətən Müharibəsində vəhşi düşmən müharibə zonasına yaxın və yaxın olmayan xeyli sayda yaşayış məntəqəsini, hətta beynəlxalq səviyyədə qadağan olunmuş raket və top mərmiləri ilə intensiv atəşə tutmaqdan belə çəkinmədi. Konkret desək, erməni vəhşiliyi nəticəsində xeyli sayda mülki şəxs həlak oldu, yaşayış evlərinə, dövlət və özəl sektor obyektlərinə ciddi zərər dəydi, bir çoxları tamamilə dağıdıldı.

Ölkə rəhbərliyi müharibə zamanı əhaliyə dəyən zərərin qısa müddətdə aradan qaldırılmasına xüsusi diqqətlə yanaşaraq, öz ciddi göstərişlərini verdi. Hələ müharibə başa çatmamış, dövlət başçısı tərəfindən noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalandı. Həmin Sərəncama əsasən, Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı. Həmçinin bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalandı və aidiyyatı təyinatlı 11 işçi qrupu yaradıldı. İşçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verildi. Dekabrın 14-də isə, Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalandı.

Həmin sərəncamlara əsasən, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alındı. Daha sonra, yardımın ödənməsi üçün dövlət büdcəsindən ilkin olaraq 9 milyon manat ayrıldı.

Nazirlər Kabinetinin daha bir Qərarına əsasən, ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini yerli icra hakimiyyəti orqanları aidiyyatı ərazi üzrə təmin edəcəkdilər. Elə bu mərhələdə, yəni yardımların əhaliyə çatdırılması zamanı bir çox narazılıqlar meydana gəldi. Təmir-bərpa kateqoriyasına aid edilmiş qəzalı evlərdə işlərə başlanılandan az sonra, zərərçəkmiş əhaliyə çatacaq vəsaitlərin bir qisminin rayon məmurları tərəfindən mənimsənilməsinə dair xoşagəlməz məlumatlar yayıldı. Bu barədə, daha ətraflı növbəti yazılarımızda. İndi isə, yeri gəlmişkən, onu da qeyd edək ki, müharibə başlayan zaman erməni silahlı terrorçularının təcavüzü nəticəsində ən çox ziyan görmüş rayonlardan biri Ağdam oldu. Onda Ermənistan Silahlı Qüvvələri Ağdamı intensiv raket və mərmi atəşinə tuturdu. Burada ümumilikdə ciddi zərər dəyən minlərlə tikili arasında yaşayış evləri də çoxluq təşkil edirdi. Ziyan görmüş həmin fərdi evlərdən birinin sahibi də, gördüyü bu zərərlə bağlı başına gələnləri və gətirilənləri araz.az-a açıqlayan Ramin Haqverdiyev idi.

Özünü aldadılan zərərçəkmişlərdən biri kimi redaksiyamıza təqdim edən Ramin Bayramov Ağdam rayonunun Xındırıstan kəndindəndir. Zərərçəkən kənd sakini bizimlə təmas zamanı təşviş və həyəcan içində bizə əsasən onu çatdırmaq istəyirdi ki, Prezident sərəncamlarına və göstərişlərinə uyğun olaraq, ona çatacaq maddi yardımı günü bu günədək ala bilməyib. Özünün araz.az-a da ünvanladığı şikayət xarakterli məktubunda və video müraciətində dediyi kimi, Vətən Müharibəsinin davam etdiyi ağır günlərdə mənfur düşmən qüvvələrin Xındırıstan kəndinə atdıqları aramsız top mərmiləri onun ailəsinin yaşadığı evə də ciddi ziyan vurub: «Müharibə başlayanda, ermənilərin atdıqları mərmilərdən biri də mənim evimə düşdü. Düşmən qüvvələr tərəfindən qəzalı vəziyyətə salınan evimizdə, iki ildən çoxdur ki, 6 nəfərlə qorxa-qorxa yaşayırıq. Ciddi qəzaya düşən evimizin necə təhlükəli vəziyyətdə olduğu çoxdan hamıya məlumdur. Bunu, eləcə də mərmi zərbəsindən hər anı təhlükəli ola biləcək qəza alan evimizə müharibədən sonra dörd dəfə baxış keçirən rəsmi dövlət komissiyasının üzvləri – məmurlar belə yaxşı bilirlər. Nə olsun, bu yaxşı bilməyin də, hələ ortada bizə xeyri ola biləcək heç bir yaxşı nəticəsi yoxdur.

Özüm, ailə başçısı olaraq, Nazirlər Kabinetinə xeyli bundan əvvəl bir daha rəsmi qaydada məktubla müraciət də etdim. Göndərdiyim məktubu, oradan, tədbir görülməsi üçün Ağdam Rayon İcra Hakimiyyətinə göndərdilər. İcra Hakimiyyətindən isə, onlara bildiriblər ki, guya, mənə min manat pul verilib. Belə bir yalan, belə bir iftira əsl biabırçılıq və vicdansızlıqdır, deyilmi?!.

Məktubuma əlavə etdiyim şəkillərdən və video müraciətdən də aydın görünür ki, evimə ciddi zərər dəyib. Divarları dağılmaq təhlükəsi ilə üz-üzədir. İşsiz adamam, başqa qazanc yerim olmadığına görə, onu yenidən bərpa edə də bilməmişəm. Son vaxtlar sakit dayandığım üçün, mən tərəfə baxan da yoxdur. Adam abrını saxlayanda beləmi edərlər?!.».

Zərərçəkən bu prosesin dayandırılmasından hədsiz narazıdır və bunu öz açıqlamasında xüsusi vurğulayır: “Bizim evimizə ciddi zərər dəydiyi göz qabağındadır, açıq-aydin görünür ki, pəncərələri və dam örtüyü pis vəziyyətdədir. Yan divarlarından birinin əyildiyi də hiss olunur. Qazanc yerim olmadığına görə, yenidən təmir və bərpa edə bilmirəm ki, divarlarının uçmaq qorxusundan canımızı birtəhər qurtararaq, evimizdə rahat yaşaya bilək.

Bir daha bildirirəm ki, düzdür, gəlib, qeydə alıblar. 4 dəfə başdansovdu baxış keçirən komissiya üzvlərinin axırıncı dəfə baxıb getdikləridir. Ondan bəri maraqlanan yoxdur. Uzun müddət keçməsinə baxmayaraq, bu ciddi problemimizlə məşğul olan yoxdur, sanki gördükləri işi yarımçıq qoymaqdan rahatlıq tapırlar.

Onlar bilməlidirlər ki, mənim və mənim kimilərin günahlarımız ucbatından deyil, mənfur düşmənin atdığı mərmilər nəticəsində evlərimiz belə yararsız hala düşüb. Bir də ki, əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı Prezidentin xüsusi göstərişi oldu. Bu göstərişə əsasən, Vətən Müharibəsi zamanı zərər görmüş fərdi evlər qısa müddətdə təmir olunmalıydı. Müharibə çoxdan bitsə də, çoxları kimi, mənim də evim indiyədək yararsız vəziyyətdə qalıb. Əsl günahkarlar isə, vəziyyətdən sui-istifadə edib vətəndaşları hədsiz dərəcədə incidən bəzi məmurlardır. Ancaq unutmaq lazım deyil ki, bu cür həssas məsələdə insanları incitmək olmaz.

Bir daha deyirəm, bizə dəymiş ziyanın ödənilməsi ilə bağlı, möhtərəm Prezidentin sərəncamları və xüsusi göstərişləri var. Aidiyyatı dövlət qurumlarının rəhbərləri insanları incitməzdən öncə, ölkə başçısının sərəncam və göstərişlərini bir daha xatırlasınlar. Axı, belə özbaşınalığın sonu yaxşı olmaz! Günahkarlar geci-tezi öz layiqli cəzalarını alacaqlar! Bir də ki, belə vicdansızlığı Böyük Allah da bağışlamaz!..

…Möhtərəm Prezidentimiz çıxışlarında dəfələrlə qeyd edib ki, onun rəhbərliyi dövründə böyüyən gənclər 44 günlük Vətən Müharibəsində şanlı qələbə çaldılar. Bəli, Prezident düz deyir, onun dedikləri bizim gözlərimiz önündə oldu. Bu gün, mənim də, Şanlı Ordumuzun gələcək fəxr ediləsi əsgərləri olacaq övladlarım bu evdə böyüyürlər. Böyük övladım babasının medalları ilə fəxr edir, şəhid dayısının adı ilə qürur hissi keçirir. İndi mənimlə bərabər, övladlarım da ölkə rəhbəri İlham Əliyev cənablarından rica edirik ki, belə bir xoşagəlməz problemimizin aradan qaldırılması üçün, bizə lazımi köməkliyini göstərsin!».
Araz.az




Bizimlə əlaqə saxlayın