Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, məlumat əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib.
Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-dən “Qafqazinfo”ya bildirilib ki, bundan başqa, ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.