500 kilometr mənzilli “İsgəndər-M” ballistik raketləri Rusiya ordusunun istifadəsi üçün nəzərdə tutulur. Beynəlxalq sazişlərə əsasən, bu raket növünün ixracı qadağandır.
“Yeni Müsavat” yada salır ki, Ermənistanın arsenalında onun yalnız ixrac növü olan “İsgəndər-E” raketləri mövcuddur. Lakin “İsgəndər-M” raketlərinin qalıqlarının Şuşada aşkarlanması xeyli vaxtdır Azərbaycan ictimaiyyətində böyük etirazlara səbəb olub. Bakı məsələyə aydınlıq gətirilməsi üçün Rusiya rəhbərliyinə müraciət edib.
Azərbaycan Prezidenti bir müddət öncəki açıqlamasında bildirib ki, o, məsələni rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə edib, Azərbaycan Müdafiə Nazirliyi isə Qarabağda “İsgəndər-M” raketlərindən istifadə olunduğunu təsdiqləyən foto və videomaterialları Moskvaya göndərib. Rusiya tərəfi Azərbaycana bununla bağlı indiyə qədər heç bir izahat verməyib.
“Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir?”, - deyə Prezident çıxışı zamanı sual etmişdi.
Azərbaycan şimal qonşusu ilə münasibətlərdə balansı saxlamağa çalışır. Amma Rusiyanın Ermənistana daimi hərbi dəstəyi, Ermənistan ordusunun Moskvanın yardımı ilə modernləşdirilməsi bu münasibətləri sual altında qoyur. Analitiklərin sözlərinə görə, Rusiya erməni ordusuna bu silahları müharibədə istifadə üçün veribsə, bu, beynəlxalq normaların pozulması hesab olunduğundan Moskva üçün kifayət qədər böyük başağrısıdır, ona görə etiraf etmir. Bu addım Rusiyanı Qərbin sanksiyaları ilə üz-üzə qoya bilər.
Digər bir səbəb isə “İsgəndər”lərin ermənilərin əlinə qeyri-qanuni yollarla keçməsi ehtimalından qaynaqlanır. Rusiyada olan erməni lobbisinin şəxsi zəmində əlaqələri ən yüksək hərbi eşelona qədər gedib çıxır. Raketlərin hökumətin xəbəri olmadan Ermənistana keçməsinin açıqlanması Rusiya təhlükəsizlik orqanlarına qara ləkə yaxacaq. Bəs bu susqunluq nə qədər davam edəcək?