Oxu.Az xəbər verir ki, ərazidə yaşayan vətəndaşlar iddia edir ki, sözügedən ərazini dörd ildir Sumqayıt sakini olan bir nəfər alıb:
“Əraziyə dair həmin adama çıxarış da verilib. Necə olub, bu çıxarışı hansı qurum təşkil edib, ərazini ona kim satıb, bilmirik. Hazırda da bu iki sot yer 145 min manata satışa çıxarılıb. İndi ərazini hasara alaraq, obyekt tikdirilməsi üçün münasib yer kimi təqdim edirlər. Biz 1985-ci ildən bu ərazidə yaşayırıq. Dörd ildir bunlarla mübarizə aparırıq. Amma heç bir qurum məsələnin həlli ilə bağlı addım atmır”.
Etiraz edən vətəndaşlar ərazidə xeyli sayda ağacların olduğunu, hasarlanma işləri yekunlaşdıqdan sonra ərazidə tikinti işlərinə başlanıldığında ağacların kəsilmə təhlükəsinin də olduğunu qeyd edirlər.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilməsi Rayon İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricindədir:
“Bundan əlavə olaraq bildiririk ki, vətəndaşla həmin ünvanda yaşayan sakinlər arasında yaranmış mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilmişdir. Hazırda qətnamənin icrası İcra Şöbəsi tərəfindən həyata keçirilir”.