Peyvəndlənək, yoxsa evə qapanaq?

Araşdırma / Hadisə
11 Nis 2021
17:52


Dünya koronavirusla mübarizəni uzun müddət davam etdirməli olacaq.

Mütəxəssislərin rəylərindən gəlinən qənaət budur ki, COVİD-19 21-ci əsrin virusudur. Tezliklə Yer üzündən yox olacağı inandırıcı görünmür.

Elementar bir müqayisə aparaq: Qrip virusu tibb elminə bir neçə əsr öncədən məlumdur. 17-ci, 18-ci və 19-cu əsrlərdə qrip virusu epidemiya şəklində yayılıb və milyonlarla insanın ölümünə səbəb olub. Ən böyük və dünyanı sarsıdan qrip virusu 1918-ci ildə yayılıb: İspan qripi adı ilə tanınan H1N1 virusu 1 ildən çox müddətdə davam edib və 10 milyonlarla insanın ölümünə səbəb olub. O dövrdə tibb inkişaf etməmişdi və təbii ki, vaksin müəyyənləşdirmək, hazırlamaq da asan iş deyildi. Müxtəlif yollarla mübarizə aparılıb və nəhayət, 1944-cü ildə ABŞ-da qripə qarşı peyvəndin kəşf olunması ciddi effekt verib. Yalnız peyvəndləmədən sonra elmə 2000-dən çox növü – ştammı məlum olan qrip virusu pandemiya effektini itirib. Sadə dillə desək, 20-ci əsrin ortalarından başlayaraq insanlar vaksinasiya olunaraq, qriplə bərabər yaşamağa vərdiş ediblər. Düzdür, qrip virusu yenə də təhlükəli sayılır. Hər il 100 minlərlə insan bundan dünyasını dəyişir. Ancaq fakt budur ki, qrip pandemiya halını ala bilmir. Bircə səbəbdən – 20-ci əsrin ortalarından sonlarınadək insanlar zaman-zaman yoluxucu virusa qarşı peyvəndləniblər və kütləvi immunitet formalaşıb.

Orta və yaşlı nəsil xatırlayır: sovet dönəmində məktəblərdə, iş yerlərində insanları icbari qaydada peyvənd edirdilər. Özü də hər 2-3 ildən bir. Şəxsən mənə orta məktəbdə oxuduğum illərdə bir neçə dəfə peyvənd vurulub. Yaşadığımız ərazidə insanları peyvənd edən qrupda tibb personalı olaraq anam da təmsil olunurdu. Məktəbə peyvənd prosesinə gələndə birinci mənə və qardaşıma şəxsən özü vaksin vururdu ki, digər şagirdlər ehtiyat etməsin. Sovet vaxtı da xeyli adam vaksinasiyaya birmənalı münasibət bəsləmirdi...
İndi də 21-ci əsrin bəlası olan COVİD-19-la mübarizədə ən effektiv iş vaksinasiyadır. Hazırda dünyada vaksin əldə etmək üçün böyük mübarizə gedir. Peyvəndlərin ədalətsiz bölüşdürülməsi prosesi barədə Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə həyəcan təbili çalıb, buna son verilməsi üçün dünyaya səslənib.
Bu çətinliklər qarşısında Azərbaycan bütün imkanlarını səfərbər edərək mərhələli şəkildə ölkəyə peyvəndlər alıb gətirir. Artıq 600 minə yaxın vətəndaşın vaksinasiyası həyata keçirlib.
Pandemiyanın sonlanması üçün yeganə yol peyvəndlənməkdir. Kütləvi immunitet yalnız bu yolla formalaşa bilər. İnsanları peyvəndə sövq etmək, qorxmamaq üçün ən müxtəlif imkanlar işə salınır. İş o yerə çatıb ki, az qala rəsmilər, ictimai xadimlər bu qədər çətinliklə əldə olunan peyvəndi vurdurmaq üçün insanlara yalvarırlar...

Belə olmalı deyil əslində. Əksinə, vətəndaşlar başa düşməlidir ki, dünyanı, təhsili geri salan, iqtisadiyyatları zəiflədən, əsəblərimizi sarsıdan pendemiyadan, karantindən, evə qapanmalardan, işsizlikdən qurtarmaq istəyiriksə, vaksinasiya yeganə çıxış yoludur.
O ayrı söhbətdir ki, bu COVİD-19 süni virusdur, yoxsa təbiidir. Onun haradan, kim tərəfindən nə məqsədlə yayılması iddiaları da zamanla aydınlaşacaq. İndi isə o mərhələdir ki, dünyanın gəldiyi, ortaya çıxardığı, karantinə son verib, əvvəlki gözəl həyata qayıtmaq üçün bir şərt mövcuddur – vaksinasiya. Ya bunu seçməliyik, ya da vaxtaşırı doğmalarımızın, yaxınlarımızın, dostlarımızın virusa yoluxub ağır duruma düşdüyünü, həyatını itirdiyini eşitməkdə davam edəcəyik, karantin qaydalarının sərtləşəcəyini görəcəyik və s. “Hansı yaxşıdır” sualı isə əlbəttə yersiz görünür...

Üstəlik, nəzərə alaq ki, dünyada bir məntiqi qayda da tətbiq edilə bilər: hətta gələcəkdə - bu ay, gələn ay, yayda və s. yoluxmalar pik həddə çatarsa, sərt karantin tətbiq olunarsa, peyvənd olunmuş şəxslər güzəşt, imtiyaz əldə edə bilər. Onların risk qrupu sayılmadıqlarından evdən çıxmaq üçün SMS-icazə almayacağı, xaricə getmək qadağasının ona şamil edilməyəcəyi haqda ilkin versiyalar səslənir.
Və belə yerdə vətəndaşlar adamdan soruşur ki, özün vaksin olunmusanmı? 40 yaş üstü vətəndaşların peyvəndlənməsi başlayanda vaksinasiya olmağa ilk can atanlardan oldum. Lakin dekabrın ortalarında COVİD 19-a yoluxmuşdum deyə, antitel yaranması səbəbindən mənə bir də 6 ay sonra vaksin vurula biləcəyini dedilər. Əsaslandırılması belədir ki, yoluxmuş şəxs olduğumdan 6 ay ərzində antitel təbii olaraq formalaşıb. Odur ki, hələlik yoluxmamış şəxslər birinci peyvəndlənir ki, onlar bəlaya düçar olmasın, yaxud yoluxarsa xəstəliyi yüngül keçirsin.

Özümə vaksin vurulması 6 ay sonraya qalsa da, 65 yaşlı atam və anam ölkədə ilk vaksin olunanlardandır. Heç bir yan təsirini hiss etmədilər. Və mən bir övlad kimi yaşlı valideynlərimdən artıq narahat deyiləm...
Bir bəşəri bəladır düşmüşük. Çıxış yolunu dünya nədə görürsə, insanların gözəl həyata qayıtması üçün hansı şərtlər qoyulubsa, bundan imtina etmək özümüzü, çevrəmizi, cəmiyyətimizi, ölkəmizi şüurlu şəkildə incitməkdir. Belə gətirib işimiz, dünyanı vaksinasiya xilas edəcək!..
Ölkəmizdə 600 minə yaxın insan vaksin vurdurub. Tək-tük adamlar peyvəndin yan təsirlərini görüb. Onlar da hansısa xroniki xəstəliyi olan və ümumiyyətlə bütün iynələrə, yad cisimlərə, hətta adi vitaminə orqanzmi kəskin reaksiya verən şəxslərdir.
Normal həyata dönməyi, gərginlik yaradan karantindən çıxmağı, qarşıdan gələn yayda rahat gəzib dolaşmağı, tezliklə toyların, şənliklərin bərpasını, isti günlərdə maskasız gəzməyi, istədiyimiz zaman doğmalarımızla, dostlarımıza təhlükəsiz görüşməyi istəyiriksə, peyvəndin alternativi olmadığının fərqinə varmalıyıq...


11.05.2021
20:00
"Real" Mendini itirdi