Son günlər yoluxanların sayının artması hər kəsdə narahatlığa səbəb olub. Bir çoxları bu artımın avtobuslardakı sıxlıqla, bəzi insanların maskadan düzgün istifadə etməməsi və mutasiya uğrayan yeni növlərin yoluxuculuq qabiliyyətinin sürətli olması ilə əlaqələndirir. Azərbaycanda yoluxanların sayı niyə 1831-ə çatıb?
Bununla bağlı AXIN.AZ-a danışan Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib ki, son günlər yoluxanların və ölənlərin sayının artması mutasiya uğrayan növlərin yayılması ilə bağlıdır: "Əslində söhbət Britaniya ştamından gedir. Amma başqa mutasiya uğratyan növlər də mövcuddur. Bunların hər biri yüksək yoluxma sürətinə malikdir. Artım dinamikasını nəzərə alaraq və epidemioloji vəziyyətdən asılı olaraq dünyada rəsmən üçüncü dalğa elan olunub. Bizdə də analoji hal baş verib. Çünki bizdə də yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Məhz ona görə də bunu bizdə də 3-cü dalğa hesab etmək olar. Yeni ştamların özəliyi ondan ibarətdir ki, daha çox yoluxuculuq qabiliyyətinə malikdir. Eləcə də ölüm halları da çoxdur. Əvvəllər bu xəstəlik gənclərdə və uşaqlarda əlamətsiz özünü biruzə verirdisə, hazırda onlarda yüksək qızdırma, halsızlıq, ürəkbulanma və başqa əlamətlərlə özünü biruzə verir. Virusun yeni davranış sərgilədiyini müşahidə edirik. Bu yeni dalğadır. Məhz buna görə də karantin qaydaları sərtləşə bilər.Bu əslində genofondun təhlükəsizliyi üçündür. Tədbirlərin hər biri də təmasların məhdudlaşdırılmasına yönəlib. Məqsəd də az yoluxma və ölüm hallarının olması üçündür".