axin.az

SON DƏQİQƏ

Soyadlar milliləşdirilməlidir - VİDEO

6-05-2020, 11:51

Soyadlar milliləşdirilməlidir - VİDEO
Ölkəmizdə soyadların milli formaya keçilməsi məsələsi illərdir ki, müzakirə olunur. Soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, “-ov”, “-yev” sonluqlarından xilas olanların sayı xeyli azdır.

Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri "-ov", "-yev" soyad sonluqlarını daşımaqdadır. Bəs bu problemin həll oluna bilməməsinin əsas səbəbi nədir?

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Rauf Arifoğlu – Jurnalist: “Əsas məsələ və problem ondan ibarətdir ki, dövlət bu məsələyə bir az liberal yanaşdı və məcburiyyət qoymadı, hər kəsi öz ümidinə buraxdı. Bunun da nəticəsi ondan ibarətdir ki, yalnız çox cüzi, çox az bir hissə bu adlardan imtina edib”.

Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, bu məsələdə məcburiyyət olmamalıdır.

Fazil Mustafa – Milli Məclisin deputatı: “İnsanlara şans verilməlidir ki, onlar özləri könüllü şəkildə bu soyada keçsinlər. Məcburi qaydada keçmək olar, amma məcburi qaydada bir çox insan dəyişimi hələ ki həzm etmək istəmir, ya da məqsədəuyğun saymırlar, nəsildən nəslə ötürülən soyadı qorumağa daha çox üstünlük verirlər”.

Lakin bu iddia ilə həmfikir olmayanlar da var:

Rauf Arifoğlu – Jurnalist: “Nə qədər gec olsa da, yenə olmalıdır, bu proses baş verməlidir, Azərbaycanı əhatə etməlidir. Azərbaycan parlamenti bununla bağlı bir qanun qəbul etməlidir, soyadlar məcburi olaraq milliləşdirilməlidir. Bu, hər bir millət üçün bir identifikasiya kodudur, bu, mütləq lazımdır”.

Soyad məsələsində digər fikir ayrılığı yaranan məsələ milli sonluqlarla bağlıdır. "-li", "-lu", "-soy", "-zadə" kimi sonluqlar təklif edilir. Lakin Türkiyədə olduğu kimi sonluqsuz soyadlara üstünlük verənlər də çoxalmaqdadır.

Fazil Mustafa – Milli Məclisin deputatı: “Mən prinsip olaraq öz soyadımda olduğu kimi heç bir şəkilçisiz soyadın qəbul olunmasına üstünlük vermişəm. Hər bir halda könül istərdi ki, hamı dəyişsin və milli soyadımız olsun, amma bunu tədricən etmək və insanların öz iradəsinə buraxmaq, məncə, daha doğrudur”.

Artıq bəzi postsovet ölkələri “-ov”, “-yev” sonluğundan imtina edib. Son olaraq isə Tacikistan oxşar addımı atıb. Ölkə rəsmiləri ruslardan qalma bu ənənəyə son vermək qərarına gəlib.

Rauf Arifoğlu – Jurnalist: “Bu adın dəyişməsi əslində kompleks sənədlərin dəyişməsinə gətirib çıxarmalıdır. Əgər vətəndaşın vizası varsa, o vizaların da ləğvinə gətirib çıxarır, çünki sənəd dəyişir”.

Qeyd edək ki, ötən il ərzində soyad sonluğunun dəyişdirilməsi üçün qeydiyyat orqanlarına 2308 müraciət daxil olub və onların hamısı təmin edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA