Təhsil Nazirliyində 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə ilə bağlı ictimai rəy öyrənilir.
Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək Təhsil Nazirliyinə təqdim olunacaq. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur.
Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.
Maraqlıdır, yeni məktəbli formaları eskizləri hazırlanıbmı?
"Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov Axin.az-ya açıqlamasında yeni məktəbli geyimləri ilə bağlı Təhsil Nazirliyinin təklif etdiyi bütün nümunələrdən hazırladıqlarını bildirib:
“Təklif olunan bütün nümunələrdən hazırlıyırıq. Yekunlaşmaq üzrəyik. Hazırda ictimai rəy də öyrənilir. Hər kəs öz fikrini deyə bilər. Biz isə ayın 31-dək nümunələri Təhsil Nazirliyinə təqdim edəcəyik. Yekun qərarı isə onlar verəcək”.
Qeyd edək ki, geyim formasının rəngi ümumtəhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumtəhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumtəhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilən geyim formasını geyinməlidirlər.