axin.az

SON DƏQİQƏ

Təhsil Nazirliyinin islahata ehtiyacı var... - GƏLİŞMƏ

28-04-2020, 14:34

Təhsil Nazirliyinin islahata ehtiyacı var... - GƏLİŞMƏTəhsillə bağlı olan problemlər hər zaman cəmiyyətin diqqət mərkəzindədir. Baxmayaraq ki,bütün dünya Covid-19 pandemiyasının yaratdığı sosial izolyasiyanın cəngindədir,yenə də təhsil məsələləri unudulmur. Çünki,hamı bir daha başa düşdü ki, bütün zülmətləri aydınlatmaq üçün elm,yenə də elm önəmlidir.

Sön günlər uşaq bağçalarının yenidən Təhsil nazirliyinin balansına verilməsi məsələsi gündəmə gətirilib və məsələ hətta Milli Məclis səviyyəsində belə müzakirə edilib. Bir qrup təhsil ekspertləri və digər mütəxəssislər bağçaların təkrarən nazirliyin tabeliyinə qaytarılmasının zəruriliyini sübut etməyə çalışır və müxtəlif arqumentlər səsləndirirlər. Bunu təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, çeviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından əsaslandırmağa çalışırlar. Belə məqamda sual ortaya çıxır ki, məgər baxçalar əvvəllər elə nazirliyin tabeliyində deyildimi və məhz yarıtmaz idarəçiliyin nəticəsində icra hakimiyyətlərinin balansına verilmədimi? Əlbəttə, dərhal bizə cavab verə bilərlər ki, indi rəhbərlik dəyişilib və əvvəlki idarəetmədən əsər-əlamət qalmayıb. Elə isə gəlin mövcud vəziyyətə qısaca nəzər salaq.

Xatırladaq ki, 2011-ci ilədək nazirliyin tabeliyində olan uşaq bağçaları sonradan Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdi. Bunun əsas səbəbi həmin dövrdə uşaq bağçalarında hökm sürən anormal vəziyyət,korrupsiyanın və rüşvətxorluğun pik həddə çatması idi. Yəni əslində uşaq bağçaları biznes sahəsinə çevrilmiş, nazirliyin gəlir mənbəyinə dönmüşdü. Hətta hökm sürən hərc-mərclik tamamilə nəzarətdən çıxmışdı. Belə bir gərgin dönəmdə uşaq bağçaları Təhsil nazirliyinin tabeçiliyindən çıxarılaraq Bakı şəhər İcra hakimiyyətinin balansına verildi. İnsafən qeyd etmək lazımdır ki, Bakı şəhər İH çətin də olsa relsdən çıxmış qatarı yenidən xəttə qaytara bildi.

Ötən müddət ərzində paytaxtın uşaq bağçaları ən müasir tələblərə cavab verəcək bir səviyyəyə çatdırılıb. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilib və böyük uğurlar qazanılıb. Aparılan məqsədyönlü işlərin nəticəsində körpə balalarımızın taleyi kimlərinsə gəlir mənbəyi olmaqdan çıxaraq prioritet sahəyə çevrildi. Cəmiyyətdə lağ,ikrah obyektinə çevrilən uşaq bağçalarının ötən müddət ərzində sosial statusu tamamilə dəyişdi,maddi-texniki təminatı ən yüksək səviyyəyə çatdırıldı, rüşvətxorluğa demək olar ki,son qoyuldu.

Rəsmi məlumatlara əsasən, ölkəmizdə 1672 məktəbəqədər təhsil müəssisəsi və uşaq bağçası fəaliyyət göstərir . Paytaxtda isə 346 dövlət məktəbəqədər təhsil

müəssisəsi var. 2011-ci ildən indiyə qədər Təhsil nazirliyi müxtəlif səviyyələrdə uşaq bağçalarının yenidən öz balansına qaytarılmasına cəhd edib. Müxtəlif təkliflər,arqumentlər səsləndirilb. Görünən odur ki, nazirlik “hazıra nazir” prinsipindən növbəti dəfə yararlanmaq istəyindədir. Yarıtmaz idarəçilik səbəbindən bərbad duruma salınan bağçaları yenidən nəzarətə almaq üçün ən üst səviyyədə çaba sərf edilir.

Müxtəlif təhsil ekspertlərinin məqsədli və məqsədsiz olaraq bağçaların yenidən Təhsil nazirliyinin tabeliyinə qaytarılması barədə fikirlərinə bəlkə də haqq qazandırmaq olardı. Amma,bunun üçün ən azından gərək Azərbaycanda yaşamayasan və buradakı vəziyyətdən xəbərin olmaya. Bu gün özünü təhsil fədailəri kimi qələmə verənlər təhsilimizdə hökm sürən hərc-mərcliyi, anarxiyanı məgər görmürlərmi? Az qala təcrübə laboratoriyasına çevrilən bu sistemdə naşı kadrların yarıtmaz idarəçiliyi dərin böhran yaradıb. Təhsildən xəbəri olmayan iqtisasçılar, vergi müfəttişləri məktəbləri elə bir labirintə salıblar ki, nə özləri,nə də başqaları çıxış yolunu tapa bilmir. Sual olunur- bəs hansı məntiqlə az-çox uğurlar qazanılan uşaq bağçalarını yenidən nazirliyin tabeliyinə qaytarmaq lazımdır? Bu sağalmaqda olan bir xəstəni yenidən naşı bir həkimin əllərinə verməyə bənzəyir.

Sirr deyil ki, Təhsil nazirliyi bu gün ölkənin ən çox tənqid olunan dövlət qurumudur. Artıq özləri də nə etdiyini bilməyən bu nazirlikdə müxtəlif qruplaşmaların maraqları toqquşur, siyasi ambisiyalar hökm sürür. Hesab edirik ki, indiki zamanda uşaq bağçalarının yenidən Təhsil nazirliyinin tabeliyinə qaytarılması tamamilə məntiqsiz bir addım olardı. Eyni zamanda bu nazirlikdə at oynadan müxtəlif qrupların maraqlarını kəskinləşdirəcək və nəticədə güc-bəla ilə özünə gələn uşaq bağçaları yenidən korrupsiyanın və rüşvətin meydanına çevriləcək. Birinci Vitse prezident Mehriban xanıma, digər dövlət yetkililərinə üzümüzü tutaraq xahiş edirik ki, körpə balalarımızın taleyininin təkrarən bazar predmetinə çevrilməsinə yol verməyin. Təhsil nazirliyi kifayət qədər problemlər məngənəsində boğulur. Nazirliyin özünün ciddi islahatlara ehtiyacı var. İnanırıq ki, əlaqədar dövlət qurumları ilk öncə bu problemləri həll edəcək, Azərbaycan təhsilini dərin uçurumdan xilas edəcəklər. Elə körpələrimizin gələcəyi üçün də bu çox vacibdir!
Axin.Az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA