Tanınmış rejissorun ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı çoxseriyalı filmi əleyhimizə işləyəcək, yoxsa? - fərqli mövqelər...
Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə başlayır. Onun sözlərinə görə, rus diplomatı və şairi Aleksandr Qriboyedovun həyatından bəhs edən “Qriboyedovun həyatı və ölümü” adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır.
Ancaq azərbaycanlı kinoşünaslar, rejissorlar tələsik nəticə çıxarmağa çalışmırlar. Onlar əmin deyillər ki, Mixalkovun filmi Azərbaycanın xeyrinə olacaq.
Mixalkov kifayət qədər nəhəng və tanınmış rejissordur, “Oskar”çıdır. Onun diplom işi “Müharibənin sonunda sakit gün” filmi ilə bağlıdır, hansı ki kinodramaturq Rüstəm İbrahimbəyovla birlikdə yazıblar.
Lakin İbrahimbəyovla indi münasibətləri yaxşı deyil, hətta deyilənə görə danışmırlar. Üstəlik, “Mosfilm”də ən böyük studiyanın direktoru ermənidir - Karen Şahnazarov. Nəzərə alsaq ki, filmin ssenaristlərindən biri də erməni Aleksandr Adabaşyandır, o zaman tarixi həqiqətlərin nə cür işıqlanacağını da söyləmək çətinləşir.
Ssenarinin müəllifləri Adabaşyanla bərabər İrakli Kvirikadze, Yuri Loşşits və Nikita Mixalkov özüdür.
Bununla belə, Bakıda Mixalkova pozitiv münasibət var, ondan həqiqətləri çatdıracağı gözlənilir.
Yeri gəlmişkən, Qriboyedov rusların işğalçı siyasətini yeridənlər sırasında, Türkmənçay müqaviləsinin şərtlərinə nəzarət edən bir diplomat olub.
Hərçənd tarix özü də müəmmalarla doludur. Qriboyedovun çar 1-ci Aleksandra yazdığı məktubları oxuyanlar arasında rus şairinə rəhmət diləyənlər də var.
Qriboyedov çara yazırmış ki, türklər yaylaqda ola-ola xristianları onların yerinə köçürmək olmaz. Şair hadisənin fəsadlarından qorxurmuş. Yəni xeyrimizə canfəşanlıq da edirmiş.
O baxımdan kinorejissor Ayaz Salayev nikbindir. Onun “qaynarinfo”ya dediyinə görə, Mixalkovun belə bir film çəkməsi Rusiyanın müəyyən qədər mövqeyini dəyişdirəcək.
“Açığı, bu mənim çoxdankı arzumdur. Biz bu filmdən çox şey gözləyirik. Əgər Mixalkov bu filmi reallaşdırsa, ona Bakıda balaca bir heykəl də qoymaq olar”, - A.Salayev belə düşünür.
Onun fikrincə, ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilməsi Mixalkovun cəsarətli bir addımıdır: “Ona qibtə edirəm və çox arzulayıram ki, bu baş tutsun. Sadəcə, indi inamım yoxdur ki, o, bunu edə bilər...”
Kinorejissor Rüstəm İbrahimbəyov və xalq artisti Vaqif Mustafayev bu mövzuda danışmayıblar, kinoşünas Aydın Kazımov isə qeyd edib ki, Mədəniyyət Nazirliyi rus rejissorla müzakirə aparmalıdır: “İndi nizam tərəzisi itib, etibar elədiyin adam bir də baxırsan 160 dərəcə dəyişdi. Ona görə bu dəqiqə desək ki, Mixalkov filmdə hər şeyi olduğu kimi verəcək, yalan olar. Əgər sabah film çəkiləndən sonra baxsaq ki, orada əleyhimizə gedilib, istəyirsən lap yüz bəyanat ver, yenə faydasız olacaq. Özü ilə görüşüb danışmaq lazımdır”.
Yazıçı Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Mixalkov böyük rejissordur: “Bu adam avtoritetdir. Onun qabağında kimsə dayana bilməz. Hətta ssenaristin biri, ”Mosfilm"in rəhbəri erməni də olsa, Mixalkovun sözünün qabağına söz gətirə bilməzlər.
Özü də o, nə çəksə yaxşı alınacaq, görkəmli rejissordur. Ancaq deyə bilmərəm ki, həmin film xeyrimizə işləyəcək.
Sadəcə, İrandan Qarabağa köçürülmə məsələsidirsə, fikir xeyrimizədir. Əgər süjet xətti bundan ibarət olacaqsa, çox yaxşı layihə ortaya qoyulacaq. Əgər İrandan Qarabağa - ermənilərin “qədim torpaqlarına” qayıdışı filmin ideyası olsa, onda bizə ziyan edəcək.
Hər halda, Mədəniyyət Nazirliyi maraqlana bilər, İbrahimbəyov soruşa bilər ki, filmin məqsədi nədən ibarətdir. Amma biz Mixalkova qadağan edə bilmərik ki, filmi çəkə bilməzsən".
Yazıçı - konspiroloq Həmid Herisçinin sözlərinə görə, Mixalkovun filmləri həmişə dövlət sifarişli olub: “Onun çeçen müharibəsi haqda ”12" filmi var və həmin kinoda işarə verir ki, sifariş okeanın o tayından gəlib.
Bununla çeçen müharibəsinə bəraət qazandırıb və müharibənin bədii həllinə nail olub. İndi Moskvadakı dairələr də Qarabağın bədii həllini istəyə bilərlər. O filmdə ola bilsin ki, ermənilər də iştirak edəcək. Amma təki belə bir film çəkilsin, mən bunu yaxşı qarşılayıram".
Onu da demək lazımdır ki, Mixalkov bir müddət əvvəl film haqda fikirlərini açıqlamışdı: “Biz sübut etdik ki, Qriboyedovun qətli müsəlmanlarla bağlı deyil, bu, ingilislər tərəfindən planlaşdırılmış soyuq qətldir. Qriboyedov onlara İpək yolunda mane olurdu”.
Onun sözlərinə görə, o vaxt filmi Dağlıq Qarabağdakı hadisələrə görə çəkə bilməyib. “Biz onda Qarabağa görə filmi çəkə bilmirdik. Onda orada müharibə gedirdi və bizim üçün bu, sadəcəc mümkün deyildi”.
Mixalkov xatırladıb ki, Qarabağa erməni ailələrini Qriboyedov məskunlaşdırıb, 40 min erməni İrandan əsirlikdən çıxarılaraq Qarabağa yerləşdirilib. Mixalkov filminin bir hissəsini İranda çəkməyi planlaşdırır.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”