“Ermənistana qarşı təkcə hərbi təzyiqlərlə deyil, ilk növbədə assimmetrik müharibə aparmalıyıq”.
Cebhe.info xəbər verir ki, bu şərhlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
Onun sözlərinə görə, Ermənistan bu illər bizə qarşı ciddi şəkildə müharibə aparıb və nəticədə Qərbin dəstəyini alıb:
“Məhz ABŞ-ın ölkəmizə qarşı "907"-ci düzəliş Ermənistanın ölkəmizə qarşı assimmetrik müharibəsinin nəticəsidir ki, Vaşinqton bu qərarı ləğv etmir.
Bu gün Ermənistan lobbi səviyyəsində bizə qarşı müharibəni davam etdirir. Azərbaycan XİN səviyyəsində Ermənistanla aparılan danışıqların heç bir siyasi mənası qalmayıb. Bütövlükdə diplomatik danışıqlar mənasız bir meyar alıb. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Ermənistanla diplomatik müharibədə ən zəif bəndir. Onun başçılıq etdiyi diplomatik korpuslar xaricdə Ermənistanla diplomatik müharibədə demək olar ki, heç bir uğura imza ata bilmir. Ermənistanla müharibədə Müdafiə Nazirliyi kimi XİN özünü ön cəbhədə tutmalıdır. Hər bir səfirlik əməkdaşı və diplomatlar xaricdə Ermənistana qarşı diplomatik müharibədə bir əsgər olmalıdır. Amma onların missiyası təəssüf ki, bu məsələdən 360 dərəcə aralıdır. Ona görə də AŞPA kimi qurumlar Qarabağdakı seçkilərə susqunluq etdi. ABŞ-ın bəzi ştatları və digər bəzi ölkələr Qarabağın nümayəndəliyini açıblar.
Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə yeni islahat siyasəti lazımdır. Hətta Qarabağ danışıqlarını prezidentin Qarabağ məsələsi ilə bağlı köməkçisinin aparılmasına ehtiyac var.
Biz artıq Ermənistanla bütün cəbhələrdə assimmetrik müharibəyə başlamalıyıq. Ermənistan çox ciddi işlər görür. Bunun qarşısını almalıyıq”.