axin.az

SON DƏQİQƏ

Mənsimovun ortağı ilə bağlı şok faktlar üzə çıxır - İLGİNC

21-05-2020, 15:20

Mənsimovun ortağı ilə bağlı şok faktlar üzə çıxır - İLGİNCABŞ-ın Yuta ştatının Federal Bölgə Məhkəməsində erməni əsilli amerikalı biznesmen Levon Termencyanın məhkəmə prosesi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, məhkəmə prosesində Kaliforniyada fəaliyyət göstərən "Noil Energy Group" və digər şirkətlərin rəhbəri olan L.Termencyan Yuta ştatında fəaliyyət göstərən "Washakie Renewable Energy" şirkətinin rəhbərləri olan Ceykob və İsaiyə Kinqston qardaşları ilə birgə 2010-2016-cı illərdə 1 milyard dollar dəyərində vergi saxtakarlığı etməkdə təqsirli biliniblər.

2018-ci ilin avqustunda Federal Təhqiqatlar Bürosu tərəfindən həbs edilən L.Termencyanın məhkəmə prosesi bu ilin yanvar ayında başlayıb. Cənubi Kaliforniya Universitetinin tərkibində fəaliyyət göstərən Erməni Araşdırmaları İnstitutunun əməkdaşı, Bakı ermənisi olan Emil Sanamyanın "Twitter"də paylaşdığı məlumatda və "YouTube"da yerləşdirilmiş filmdə göstərilir ki, Ermənistanda anadan olmuş və 14 yaşında Los Anceles şəhərinə köçmüş L.Termencyan və qardaşı Qriqor Termencyan 2000-ci illərdə Hayastan Ümumerməni Fondu vasitəsilə Azərbaycanın işğal olunmuş keçmiş Ağdərə rayonunda xəstəxana tikintisi və Ermənistan ərazisində internat evinin inşası layihələrinə dəstək veriblər.

L.Termencyan və Kinqston qardaşları ABŞ hökumətinin ənənəvi yanacağa alternativ daha təmiz yanacağın istehsalını təşviq etmək məqsədilə yaratdığı və bioyanacaq istehsal edən şirkətlərə istehsalın həcminə görə müəyyən məbləğin geri ödənməsini nəzərdə tutan vergi krediti proqramından istifadə edərək, milyonlarla ton bioyanacağı ölkə daxilində müxtəlif limanlara nəql etməklə və xarici ölkələrə daşıyıb geri qaytarmaqla, habelə, müvafiq sənədləri saxtalaşdırmaqla, həmin yanacağın istehsal və satışını həyata keçirdikləri ilə bağlı dövlətə yalan məlumatlar vermiş və sözügedən proqram vasitəsilə külli miqdarda vəsait mənimsəyiblər.

Kinqston qardaşları məhkəmə prosesində sözügedən saxtakarlıqları L.Termencyanın göstərişi ilə həyata keçirdiklərini və onun başda Türkiyə olmaqla bir sıra xarici ölkələrdəki şəxsi və ya digər hesablarına milyonlarla dollar vəsait köçürdüklərini etiraf ediblər. Kinqston qardaşlarının sözlərinə görə L.Termencyan hüquq-mühafizə orqanlarında əlaqələrinin olduğunu, həyata keçirdikləri qanunsuz əməllərə görə narahatlığa əsas olmadığını bildirib və onları qoruyacağına söz verib. Bunun müqabilində Kinqston qardaşları L.Termencyan Türkiyə və Lüksemburqdakı hesablarına 134 milyon ABŞ dolları məbləğində "zəmanət" pulu köçürüblər.

L.Termencyan və Kinqston qardaşlarına yaxın gələcəkdə hökm oxunacağı gözlənilir.

L.Termencyanın 2018-ci ildə həbsindən sonra onun Türkiyədə fəaliyyət göstərən “Palmali” şirkəti ilə əməkdaşlığı barədə iddialar yayılıb. Belə ki, 2016-cı ildə ABŞ-da "Palmali USA" şirkəti yaradılıb və Kaliforniya ştatında qeydiyyatdan keçib. Kaliforniya Ştat Katibliyinin rəsmi internet saytında yerləşdirilmiş sənəddə "Palmali USA" şirkətinin rəhbərinin L.Termencyanın oğlu Corc Termencyan olduğu qeyd edilib. Həmin internet saytında 2019-cu ilin martında şirkətin qeydiyyatının ləğv edildiyini göstərən digər sənəddə isə onun C.Termencyan tərəfindən imzalandığı görünür.

Türkiyə mətbuatının məlumatına əsasən C.Termencyan atasının məhkəmə prosesində verdiyi açıqlamada "Palmali USA" şirkətini onun göstərişi ilə Palmali şirkətinin sahibi Mübariz Mənsimovla birgə qurduğunu bildirib. M.Mənsimov isə bunun ABŞ-dakı erməni diasporu tərəfindən onun əleyhinə istifadə olunması məqsədilə təşkil edildiyini bildirib.

L.Termencyanın Türkiyədəki digər iş ortağı da Türkiyənin nəhəng "SBK Holding" şirkətlər qrupunun rəhbəri, Türkiyənin hakim dairələrinə yaxınlığı ilə seçilən Sezgin Baran Korkmaz olub və bu ortaqlığın nəticəsində L.Termencyan 2013-cü ildə ABŞ-da "SBK Holding USA" şirkətini yaradıb.

S.Korkmazın adı 2017-ci ildə ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə keçmiş müşaviri Maykl Flinin məhkəmə prosesində hallanıb. Belə ki, S.Korkmazın iş ortağı olduğu iddia edilən Türk-Amerikan Biznes Şurasının sədri, biznesmen Ekim Alptekinin "Inovo BV" şirkəti 2016-cı il ABŞ-ın prezident seçkilərindən öncə M.Flinin “Flynn Intel Group" konsaltinq şirkəti ilə "Fətullah Güləni araşdırmaq üçün" yarım milyonluq müqavilə bağlayıb.

Həmçinin, D.Trampın seçki kampaniyasına qoşulan və M.Flinin şirkətində çalışan Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Ceyms Vulsi 20 sentyabr 2016-cı il tarixində S.Korkmaz və E.Alptekin ilə görüşərək, F.Gülən əleyhinə lobbiçilik fəaliyyəti göstərməyə razılığını bildirib. Bununla yanaşı, C.Vulsi 2017-ci ildəki açıqlamasında qeyd edib ki, M.Flin 2016-cı ilin sentyabrında Nyu-York şəhərində Türkiyənin Xarici işlər və Enerji nazirləri ilə görüşərək, F.Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA