axin.az

SON DƏQİQƏ

Prezident Qusmana müsahibəsində bir çoxlarının bilmədiyi fakta diqqət çəkib - ŞƏRH

9-05-2020, 13:05

Prezident Qusmana müsahibəsində bir çoxlarının bilmədiyi fakta diqqət çəkib - ŞƏRHPrezident İlham Əliyev mayın 7-də Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycanın İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına verdiyi töhfə, iqtisadi-siyasi əlaqələrin geniş spektri barədə danışıb.

İkinci Dünya Müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.

İkinci Dünya Müharibəsi əlilləri ilə yanaşı, həmin müharibənin digər iştirakçılarına Prezidentin aylıq təqaüdü ödənilir ki, bu təqaüdün məbləği də ötən ilin aprelindən 150 manata çatdırılıb.

Aylıq təqaüdlə yanaşı, bütün İkinci Dünya Müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.

Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və b. birdəfəlik maddi yardım verilir.

Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Sərəncama əsasən, həmçinin, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən ibarət 7126 nəfərin hər birinə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib. Yəni ümumilikdə 7382 nəfər birdəfəlik maddi yardımla təmin edilib.

Qeyd edilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Növbəti artım kimi, ötənilki ilə müqayisədə, bu il həmin birdəfəlik yardımın məbləği 50 faiz artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1129 şəxs minik avtomobili ilə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları, tənha yaşadıqları halda evlərində sosial məişət xidmətləri ilə təminatı və s. sahələrdə də müvafiq işlər aparılır.

Prezident İlham Əliyev müsahibədə rəqəmlərlə Azərbaycan dövlətinin İkinci Dünya Müharibəsində iştirak etmiş azərbaycanlılara böyük qayğı göstərdiyini diqqətə çatdırıb.

Faşizmin qəhrəmanlaşdırılması və İlham Əliyevin buna sərt reaksiyası

Son illərdə dünyanın bir neçə ölkəsində faşizm ideologiyası yeni formatda – neofaşizm formatında – təqdim edilir. Gənclərin, cəmiyyətin neofaşist ruhda tərbiyə olunmasında maraqlı olan qüvvələr var. Azərbaycan isə dünyada faşizmin qəhrəmanlaşdırılmasına qarşı mövqe sərgiləyən, bu addımları pisləyən bəyanatlarla çıxış edən ölkələrdəndir.

Dünyada faşizmin dövlətin ali ideologiyası səviyyəsinə qaldıraraq, bunu özünün milli doktrinası elan edən ölkələrdən biri də işğalçı Ermənistandır.

Ermənistanda faşizmin ideallaşdırılmasının bariz nümunəsi faşizmə əvəzsiz töhfələr vermiş erməni cəllad Qaregin Njdeyə heykəl ucaldılmasıdır.

Prezident İlham Əliyev müsahibədə bir daha faşizmin aliləşdirilməsi məsələsinə toxunub və konkret faktlarla Ermənistanı ifşa edib.

“Bizə gəldikdə isə, qeyd etdiyim kimi, mən bu məsələləri dəfələrlə qaldırmışam, o cümlədən, MDB ölkələrinin sonuncu Zirvə görüşündə müzakirə mövzularından biri məhz bizim Böyük Qələbə bayramına, Qələbənin yubileyinə hazırlıq məsələsi idi.

Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulub.

Bu adamın cinayətləri sübut olunub. Yeri gəlmişkən, Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə deyirdi:

“Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.

Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edir”, - deyə Prezident söyləyib.

Ermənistanın və ona havadar olan erməni diasporunun faşizmi dəstəkləməsinin başqa bir təzahürü isə Rusiya Federasiyasının ərazisində - Armavir şəhərində - Qaregin Njdeyə xatirə lövhəsi vurulması idi.

Prezident deyib ki, o, bu faktı MDB dövlət başçılarının Zirvə görüşündə qaldırandan və məsələ kütləvi informasiya vasitələrində əksini aparandan sonra həmin lövhə götürülüb.

“Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən Müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli?”

Azərbaycan-Rusiya əlaqələrində dinamika

Prezident İlham Əliyev müsahibədə Bakı-Moskva əlaqələrindəki dinamikaya da diqqət çəkib.

2020-ci ildə də Azərbaycanla Rusiya arasındakı münasibətlərdə müsbət dinamika müşahidə edilib. İki ölkə arasındakı qarşılıqlı əlaqələr yüksək səviyyədədir.

Prezident İlham Əliyev bildirib ki, koronavirus pandemiyası olmasaydı, əmtəə dövriyyəsinin həcmi daha da artardı.

Dövlət başçısı, bununla belə, əminliyini ifadə edib ki, iqtisadi əlaqələr lazımi səviyyədə olacaq:

“Bizim nəqliyyat-logistika sahəsində də böyük planlarımız var. Bu gün bizim fəal istifadə etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var”.

İlham Əliyev ikitərəfli əlaqələrdə çox vacib bir məqama da diqqət çəkib və deyib ki, bir çoxları Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsinin Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edildiyini bilmir. Yəni burada əməkdaşlıq yüksələn xətt üzrə davam edir.

Bildirək ki, iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir.

2018-ci ildə isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb.

Planda Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri açıqlanıb. Bu proqram sənədi özündə beş “yol xəritəsi”ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin, humanitar əlaqələrə istiqamətlənib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA